FRANSA HAKİMİYYƏTİ AZƏRBAYCANA QARŞI QARAYAXMA KAMPANİYASI APARMAQLA ÜZLƏŞDİYİ PROBLEMLƏRDƏN DİQQƏT YAYINDIRMAĞA ÇALIŞIR

Emmanuel Makronun prezidentliyi dövründə beynəlxalq nüfuzu ciddi şəkildə zədələnən Fransa bu gün çoxsaylı daxili problemlərin həllində də aciz duruma düşüb. Siyasi, iqtisadi, idarəetmə müstəvisində getdikcə daha kəskin xarakter alan problemlərin  həllində Makron iqtidarının təşəbbüsləri fiasko ilə nəticələnməkdə, ölkəni daha böyük çətinliklər məngənəsinə yuvarlamaqdadır.  Bunlar fonunda Fransada belə bir fikir hakimdir ki, ölkədə yeni iqtidar formalaşmayanadək meydana çıxan problemlərin həlli mümkünsüz olacaq. Baş verənlər fonunda Emmanuel Makronun vaxtından əvvəl tutduğu vəzifədən istefaya göndərilməsi də aktuallaşıb. Artıq “Əyilməz Fransa” partiyasının təşəbbüsü ilə Yeni Xalq Cəbhəsi bloku Emmanuel Makronun istefaya göndərilməsi məqsədilə müvafiq prosedurlara başlayıb.  Yeni Xalq Cəbhəsi blokununn 81 deputatı Makronun istefaya göndərilməsini nəzərdə tutan qətnaməyə imza atıb. “Əyilməz Fransa” partiyasının parlament fraksiyasının rəhbəri Mathilda Pano qeyd edir ki, prezidentin impiçmenti barədə qətnamə layihəsi Fransa Konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq hazırlanıb.

Fransa prezidentinə qarşı belə sərt mövqe sərgilənməsinin əsas səbəblərindən biri də onun hökumətin formalaşmasında böhranlı vəziyyət yaratmasıdır. Məsələ burasındadır ki, cari ilin  iyulun 7-də keçirilən parlament seçkilərinin ikinci turunda makronçuların “Birlikdə” koalisiyası ikinci yerlə kifayətlənməli oldular. Beləliklə, prezident bloku həmin vaxtadək parlamentin aşağı palatasında malik olduğu nisbi əksəriyyəti itirdi, hökumətin formalaşdırılması imkanlarından məhrum oldu. Ancaq bu vəziyyətdə Makron qalib gəlmiş koalisiyadan olan namizədin baş nazir təyin olunmasından imtina edir.

Mövcud vəziyyətdə hökumət böhranın yaranmasına səbəb olan Makronun parlamentdə impiçment proseduruna başlanılması vəziyyətdən ən yaxşı çıxış yolu hesab olunur. Eyni zamanda baş verənlər Fransanın demokratik idarəçilik ənənələrindən uzaqlaşdığını da göstərir. Prezidentin istefaya göndərilməsi üçün müvafiq prosedurlara başlayan deputatlar tərəfindən hazırlanan qətnamədə də bu kontekstdə vurğulanır ki,  Avropa İttifaqının üzv ölkələrində hökuməti qurmaq hətta azlıq təşkil etsə belə, seçkilərdə qalib gələn partiyaya həvalə olunur. Lakin Makron bu prinsipi pozub və baş verənlər XIX əsrin ikinci yarısından Fransa tarixində görünməmiş bir hadisədir.

Proseslərin inkişaf axarı artıq gələn il ərzində Fransada növbədənkənar prezident seçkilərinin olmasını istisna etmir. Fransanın keçmiş baş naziri, Havr şəhərinin meri vəzifəsini tutan Eduard Filip də bəyan edir ki, ölkə 2025-ci ildə növbədənkənar prezident seçkilərinə hazırlaşmalıdır. Bununla yanaşı, Fransa iqtisadiyyatında, sosial sferada qeydə alınan çoxsaylı problemlər də növbədənkənar prezident seçkilərini cəmiyyətin sifarişinə çevirir. Fransanın artan büdcə kəsiri, ölkənin borcunun ümumi daxili məhsula nisbətdə böyük olması isə Avropa İttifaqı qaydalarını pozan hal olduğundan sözügedən qurumun narazılığı ilə qarşılanır.

Son illər ərzində Fransa beynəlxalq müstəvidə də ciddi mövqe və nüfuz itkisi ilə üzləşib. Afrikanın bir çox ölkələrindən Fransa sözün əsl mənasında qovulub. Bu ölkənin müstəmləkə əsarətində saxladığı ərazilərdə Fransaya qarşı kəskin etirazlar yaşanır. Fransanın neokolonializm siyasəti dünya boyu ifşa edilir. Bu prosesdə Azərbaycanın təşəbbüs və liderliyi ilə həyata keçiriln tədbirlər də öz bəhrəsini verir. Xüsusən də Bakı Təşəbbüs Qrupunun  fəaliyyəti Fransanın müstəmləkəçilik siyasətinə böyük zərbə olub.

Hazırda Makron hakimiyyəti daxili və xarici sferada üzləşdiyi çoxsaylı problemlərdən diqqəti yayındırmaq üçün ən primitiv üsullara əl atmaqdan belə çəkinmir.  Bunlar sırasına Azərbaycanın timsalında Fransa üçün mənfi obraz yaratmaq cəhdi də daxildir. Elə bu kontekstdə Fransanın Avropa və Xarici İşlər Nazirliyi Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirərək ölkəmizə dair sərt səyahət xəbərdarlığı edib. Halbuki, bunun heç bir əsası yoxdur.

Ölkəmizdə fəaliyyət göstərən Fransa şirkətlərinin təmsilçiləri, Azərbaycana səyahət etmiş fransız turistlər və digər şəxslər də hər hansı problemlə üzləşməyiblər. Yalnız ötən ilin dekabrında Azərbaycanda casusluqda fəaliyyəti həyata keçirdiyinə görə Fransa vətəndaşı Martin Rayan həbs olunub. Bu istiqmətdə fəaliyyət göstərdiyi üçün Fransa səfirliyini iki əməkdaşı Azərbaycandan çıxarılıb. Bütün bunlar Azərbaycanın müvafiq orqanları tərəfindən Fransa kəşfiyyatının ölkəmizdə zərərli fəaliyyətinə vurulan böyük zərbəsi olub.

Fransanın Avropa və Xarici İşlər Nazirliyi yanaşması Azərbaycanın Fransanın neokolonial, irqçilik, diskriminasiya, islamofobiya siyasətini ifşa etməsinə cavab kimi hesablanmış cılız  cavabdır və onu göstərir ki, rəsmi Paris ölkəmizə qarşı qarayaxma kampaniyası aparır. Bu, həm də Fransa hakimiyyətinin daxili və xarici siyasətində üzləşdiyi çoxsaylı problemlərdən diqqət yayındırmaq cəhdidir. Lakin belə əməllər Fransanın nüfuzuna daha çox xələl gətirir, bu ölkənin mövqelərinə növbəti zərbə hesab olunur.  Makron hakimiyyətinə beynəlxalq aləmdə, elə Fransa daxilində formalaşan münasibət də bunu təsdiq edir.

MTM Analitik Qrup