AZƏRBAYCANIN VƏ MALAYZİYANIN BEYİN MƏRKƏZLƏRİ ARASINDA ƏLAQƏLƏRİN GENİŞLƏNDİRİLMƏSİ MÜZAKİRƏ EDİLİB

Sentyabrın 2-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Malayziyanın Parlament Senatının prezidentinin müavini Nur Jazlan Bin Mohamedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə BMTM-in şöbə müdiri Vasif Hüseynov mərkəzin fəaliyyəti və strategiyaları barədə qonaqlara məlumat verib.

Beynəlxalq münasibətlərin hazırkı kompleks xarakterinə toxunan V.Hüseynov bildirib ki, Azərbaycan ənənəvi olaraq çoxtərəfliliyə sadiq olub və xarici siyasətində balanslı yanaşmalar sərgiləyib. Onun sözlərinə görə, Azərbaycan, həmçinin Malayziyanın da xarici siyasət baxışında əks edilən regional məsələlərə kənar qüvvələrin cəlb olunmaması yanaşmasını müdafiə edir.

Ermənistanın silahlandırılması ilə bağlı danışan BMTM-in şöbə müdiri vurğulayıb ki, Fransa tərəfindən həyata keçirilən bu kampaniya regionla yanaşı, bütöv beynəlxalq təhlükəsizlik arxitekturası üçün ciddi təhdid yaradır. O bildirib ki, Fransa Ermənistan-Azərbaycan münasibətlərindən Rusiya əleyhinə alət kimi istifadə etməyə çalışır.

Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan və Malayziya arasında məhsuldar əməkdaşlığa toxunan V.Hüseynov Azərbaycanın qurumun institusionallaşması istiqamətindəki töhfələrinə də diqqət çəkib.

O, həmçinin Azərbaycanın Qarabağda reallaşdırdığı yenidənqurma və bərpa işləri barədə məlumat verib.

Azərbaycana daha əvvəlki səfərlərini xatırladan Senat prezidentinin müavini Nur Jazlan Bin Mohamed Qarabağda aparılan irimiqyaslı infrastruktur layihələri barədə müsbət təəssüratlarını bölüşüb. Malayziyanın Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əlaqələrini intensivləşdirməkdə maraqlı olduğunu vurğulayan Nur Jazlan Bin Mohamed bu məsələdə parlamentlərarası əlaqələrin xüsusi rol oynamalı olduğunu qeyd edib.

O, həmçinin sentyabrın 1-də növbədənkənar parlament seçkilərinin nizamlı və şəffaf qaydada təşkil edildiyini bildirib.

Daha sonra iki ölkə beyin mərkəzləri arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.