ÜÇTƏRƏFLİ BƏYANATLARIN MÜDDƏALARININ İCRA EDİLMƏMƏSİ RUSİYA-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNİ GƏRGİNLƏŞDİRİR

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə imzalanan üçtərəfli bəyanatların icrası Cənubi Qafqazda sülhün bərqərar olması, əməkdaşlıq münasibətlərinin qurulması üçün mühüm əhəmiyyət kəsb edir. Lakin Azərbaycandan fərqli olaraq, bu vaxta qədər Ermənistan həmin bəyanatlarla üzərinə götürdüyü öhdəliklərə tam əməl etməyib. Elə bu da bölgədə barış və qarşılıqlı əlaqələrin qurulmasına əsas maneələrdən biridir.

Ermənistanın üçtərəfli bəyanatlardan irəli gələn öhdəliklərini icra etməməsi səbəbindən Cənubi Qafqazı geosiyasi çəkişmə məkanına çevirməyə çalışan müxtəlif xarici qüvvələrin fəallığının artması müşahidə olunur. Onlar məqsədləri üçün Ermənistandan vasitə olaraq istifadə edirlər. Eyni zamanda yenə rəsmi İrəvanın həyata keçirdiyi siyasət regionda kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasına əngəl yaradır. Halbuki, sözügedən məsələ yenə Ermənistanın üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikdir.

Ermənistanın regionda sülh, əməkdaşlıq yolunda sədd çəkən mövqeyi təkcə Azərbaycan yox, həm də üçtərəfli bəyanatlarda imzası olan ölkə kimi Rusiyanın da ciddi narazılığı ilə qarşılanır. Məsələn, Zəngəzur dəhlizinin və digər kommunikasiyaların açılmasının ləngiməsi Kremlin etirazı ilə müşayiət olunur. Rusiya xarici işlər naziri Sergey Lavrov açıq mətnlə bəyan edir ki, Ermənistanın cənubundan keçən kommunikasiyaların indiyə kimi fəaliyyət göstərməməsinin ümdə səbəbi altında baş nazir Nikol Paşinyanın imzası duran sazişlərin Ermənistan rəhbərliyi tərəfindən  sabotaj edilməsidir.

Üçtərəfli sazişlərin icrasının zəruriliyi Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərində də diqqət mərkəzində yer alıb. Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılması bu kontekstdə əsas müzakirə predmetləri sırasında yer alıb. Prezident Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında da bu məsələlərə, xüsusən də regional kommunikasiyalara bir daha xüsusi diqqət olunub.

Rəsmi məlumatlara əsasən, telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda vəziyyət müzakirə olunub. Eyni zamanda telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Regionda kommunikasiyaların bərpası məqsədilə Azərbaycan, Rusiya və Ermənistan təmsilçilərindən ibarət Üçtərəfli işçi qrupu yaradılıb.  Sözügedən üç ölkənin baş nazir müavinlərinin həmsədrlik etdikləri işçi qrup tərəfindən bu vaxta kimi 12 iclas keçirilib və çoxsayl razılıqlar əldə olunub. Özü də bütün bunlar beynəlxalq hüquqa əsaslanır. Elə bu fonda Üçtərəfli işçi qrupunun 2023-cü ilin iyununda Moskvada keçirilən axırıncı iclasında tərəflərin öz ərazilərindən keçən marşrutlar üzərində suverenlikləri və yurisdiksiya prinsipləri təsdiqlənib. Bütün bunlara rəğmən, Ermənistan kommunikasiyaların açılması da daxil olmaqla digər bir sıra öhdəliklərinin icrasından yayınır. Rəsmi İrəvanın bu xüsusda yürütdüyü siyasətin başlıca səbəblərindən biri onun müəyyən xarici dairələr, o cümlədən Fransa tərəfindən verilən fitvalarla hərəkət etməsidir. Həmin qüvvələr üçün Cənubi Qafqazın münaqişə ocağı kimi qalması ön planda yer alır. Elə Ermənistanın barəsində bəhs edilən qüvvələr tərəfindən sürətlə silahlandırılması da bundan irəli gəlir.

Rusiya Ermənistanın Qərbin diqtəsilə üçtərəfli razılaşmaları sabotaj etməsindən və digər pozucu fəaliyyətindən ciddi narazılığını artıq rəsmi səviyyədə bəyan edir. Kremlin Ermənistana çoxsaylı təsir vasitələrinin olması fonunda onlardan istifadə ediləcəyi şübhə doğurmur. Çünki Ermənistanın öhdəliklərindən yayınaraq, regionu qarşıdurma və ziddiyyət meydanına çevirmək cəhdləri dünyadakı indiki geosiyasi vəziyyətdə Rusiyaya xəyanətdən başqa bir şey deyil.

MTM Analitik Qrup