MOLDOVA PORTALINDA AZƏRBAYCANDA KEÇİRİLƏCƏK PARLAMENT SEÇKİLƏRİ İLƏ BAĞLI MƏQALƏ DƏRC OLUNUB

Moldovanın “Noi.md” xəbər portalında “Qarabağ problemi həll olundu – Azərbaycan parlament seçir” sərlövhəli məqalə dərc edilib.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində Azərbaycan ərazilərinin Ermənistanın 30 illik işğalından azad edilməsi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan xalqı öz prezidenti ətrafında sıx birləşərək ölkənin ərazi bütövlüyünü təmin edib. Sonra isə bütün Azərbaycanda ilk dəfə növbədənkənar prezident seçkiləri keçirilib. Həmin seçkilərdə Prezident İlham Əliyev inamlı qələbə qazanıb.

Məqalədə Qarabağ münaqişəsinin uğurla başa çatdığı qeyd edilib, Azərbaycanın həyatında iqtisadiyyatın gücləndirilməsi, ölkənin dünya miqyasında tanıdılması siyasətini nəzərdə tutan tamamilə yeni mərhələnin başlanmasından və digər prinsipial məqsədlərdən danışılıb.

Müəllif qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası və yerli əhalinin öz doğma yurdlarına qayıtması sayəsində həmin yerlərdə sentyabrın 1-də ilk dəfə olaraq seçki məntəqələri açılacaq və burada insanlar Azərbaycanın yeni parlamentinin üzvlərinə səs verəcəklər. Yenidən qurulmuş Qarabağın mənafeyini və daha da çiçəklənməsini nəzərə alaraq yeni qanunlar və qaydalar qəbul ediləcək.

Məqalədə, həmçinin qeyd olunur ki, bu ilin payızında Bakıda keçiriləcək və qlobal əhəmiyyət kəsb edəcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına əlavə olaraq, Azərbaycan otuz ildən sonra yeni milli layihəyə keçməyə hazırlaşır.