ABŞ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ÜZRƏ DANIŞIQLARIN HƏMSƏDRLƏRİN HİMAYƏSİ ALTINDA BƏRPASINA ÇAĞIRIR – POMPEO

ABŞ Dağlıq Qarabağ münaqişəsi üzrə predmet danışıqların ATƏT Minsk qrupu həmsədrlərinin himayəsi altında tez bir zamanda bərpasına çağırır.

Bunu ABŞ-ın Dövlət katibi Mayk Pompeo deyib.

O bildirib: “Biz, əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə kömək göstərməyə sadiqik və tərəfləri qətiyyətlə Minsk qrupu həmsədrlərinin himayəsi altında predmet danışıqlarını tez bir zamanda bərpa etməyə çağırırıq”.

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində – Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.