AZƏRBAYCAN GİMNASTLARI BEYNƏLXALQ TURNİRDƏ İKİ QIZIL MEDAL QAZANIBLAR

Azərbaycanın bədii gimnastları Qazaxıstanın Almatı şəhərində keçirilmiş “Alma Cup” beynəlxalq turnirində üç medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bunlardan ikisi qızıl, biri gümüş mükafatdır.

Halqa, top, gürzlər və lent üzrə yerinə yetirilən çoxnövçülük proqramında böyüklər arasında Zəhra Cəfərova fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Eyni proqramda gənclərin mübarizəsində çıxış edən Sofiya Məmmədova qızıl, Ayan Sadıqova isə gümüş medala sahib çıxıb. Bundan başqa, S.Məmmədova “Turnirin kraliçası” nominasiyasının qalibi adına layiq görülüb.