ŞUŞAYA VƏ LAÇINA İNFOTURLAR TƏŞKİL EDİLİB

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində Şuşa və Laçın şəhərlərinə infoturlar təşkil edib.

Dövlət komitəsindən verilən məlumata görə, infoturlar Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilib.

İnfoturun iştirakçısı olan rəssamlara və videoqraflara Şuşada və Laçında aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası barədə məlumat verilib.

Bildirilib ki, indiyədək Şuşada 147 ailənin (570 nəfər), Laçın şəhərində 552 ailənin (2031 nəfər) məskunlaşması təmin edilib.

Geri qayıdan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olan infotur iştirakçıları burada yaradılan yeni iş yerləri və digər infrastruktur obyektlərinə baş çəkiblər, sakinlərlə söhbətləşiblər. Onlar səfər etdikləri ərazilərdə olan tarixi abidələrin, təbiət mənzərələrinin rəsmini çəkib, doğma yurdlarında məskunlaşan sakinlərin gündəlik həyatını və məşğuliyyətini əks etdirən foto və videoçəkilişlər aparıblar.

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində infoturlar davam etdiriləcək.