AZƏRBAYCANIN STOLÜSTÜ TENNİSÇİLƏRİ FRANSADA NÖVBƏTİ TƏLİM-MƏŞQ TOPLANIŞINDA İŞTİRAK EDƏCƏKLƏR

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Fransada təşkil olunacaq növbəti təlim-məşq toplanışında iştirak edəcəklər.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, Onur Quluzadə ilə Yağmur Məmmədli bu gün baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Strasburq şəhərinə yola düşüblər. Seçmə komandanın üzvləri avqustun 15-dən 22-dək Avropanın ən istedadlı stolüstü tennisçilərinin dəvət aldığı “EUROTALETS” toplanışında iştirak edəcəklər. İdmançılar bu toplanışın ardınca avqustun 23-də Fransanın Şiltiqheym şəhərində start veriləcək “Euro Mini Champs” yarışında bacarıqlarını göstərəcəklər.

Xatırladaq ki, hər iki idmançı iyulun 25-dən avqustun 12-dək Çinin Şanxay şəhərinin stolüstü tennis mərkəzində təşkil olunan hazırlıq prosesinə qatılıb.