AZƏRBAYCANIN SON İKİ İDMANÇISI PARİS OLİMPİADASINDA MÜBARİZƏYƏ BAŞLAYIR

Bu gün Azərbaycanın son iki idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Sərbəst güləşçilər – Hacı Əliyev (65 kiloqram) və Maqomedxan Maqomedov (97 kiloqram) xalça üzərinə çıxacaqlar.

Üçqat dünya və dördqat Avropa çempionu olan H.Əliyev ilk görüşündə meksikalı Ostin Qomeslə üz-üzə gələcək. M.Maqomedov isə Dominikan Respublikasından Luis Miqel Peresi sınağa çəkəcək. Hər iki qarşılaşma 1/8 finala təsadüf edəcək.

Digər sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Bu gün, həmçinin Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası final mərhələsində mübarizə aparacaq. Yığma 5 halqa, 3 lent və 2 top proqramı üzrə mükafatçılar arasına düşməyə çalışacaq.

Hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.