AZƏRBAYCANIN İRƏLİ SÜRDÜYÜ SÜLH GÜNDƏLİYİ ERMƏNİSTANIN ƏSASSIZ BƏHANƏLƏRİNİ ƏLİNDƏN ALIB

Hazırda əksər aparıcı dövlətlər və təşkilatlar Prezident İlham Əliyevin konstruktiv yanaşmasını əsas tutaraq, mövcud şəraitdə Ermənistanla Azərbaycanın məhz sərhədlərin delimitasiya və demarkasiyası, humanitar problemlərin həlli və kommunikasiyaların bərpası məsələləri ətrafında danışıqlar aparmasını dəstəkləyir. Son aylarda Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası istiqamətində real addımların atılmasına, işğal altında olan 4 kəndimizin Azərbaycanın nəzarətinə keçməsinə verilən reaksiyalar deyilənləri bir daha təsdiq edir.
Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyi ilə bağlı mövqeyini bir daha bəyan edib. Dövlət başçısı bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin və bu prosesin əsasını təşkil edən fundamental prinsiplərin təşəbbüskarı məhz ölkəmiz olub, sülh müqaviləsinin mətni rəsmi Bakı tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilib.
Hazırda danışıqlar prosesi də məhz bu prinsiplər əsasında davam etdirilir və rəsmi Bakı qarşı tərəfin bəhanələrinin kəsilməsi üçün bütün mümkün tədbirləri həyata keçirir. Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, hazırda danışıqları asanlaşdıran amillərdən biri də odur ki, hər iki tərəf qalan məsələlərdən ən mübahisəli olanını – Azərbaycanın qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkili, yəni Zəngəzur dəhlizi məsələsini sonrakı mərhələdə həll etməyə razılaşıb; “Biz qarşılıqlı razılaşma əsasında bu bəndi sülh sazişindən çıxarmaq və onun müzakirəsini sonrakı mərhələyə keçirmək qərarına gəldik. Beləliklə, biz onu mətndən çıxarmağa qərar verdik, lakin bunun ölkələrin gələcəkdə müzakirə etmək və ümumi razılığa gəlmək üçün qayıda biləcəyi məsələlərdən biri olması faktını hələ də mətndə əks etdirə bilərik”.
Sonuncu razılaşma, eləcə də sülh sazişinin imzalanması üçün Rəsmi Bakı tərəfindən irəli sürülən 5 prinsip ölkəmizin regionda sülh, sabitlik tərəfdarı kimi münaqişə və qarşıdurma səhifəsinin bağlanmasında, ədavət mühitinin aradan qaldırılmasında maraqlı olmasının, ciddi siyasi iradə nümayiş etdirməsinin təcəssümüdür. Xatırlatmaq lazımdır ki, 2022-ci il aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş Brüssel görüşündə Ermənistan həmin prinsipləri qəbul etiraf etmək məcburiyyətində qalıb. Azərbaycanın 2023-cü ilin aprel ayında Laçın-Xankəndi yolunda buraxılış məntəqəsi quraşdırmasından sonra qarşı tərəfin Qarabağda “blokada və humanitar fəlakət” mövzusunda qaldırdığı kampaniyanın əsassızlığı, separatçılığı qızışdırmaq məqsədinə xidmət etdiyi tam sübuta yetirilib. Nəhayət, 2023-cü il sentyabrın 19-dan 20-dək cəmi 23 saat davam edən lokal antiterror tədbirləri ilə Qarabadakı qanunsuz rejimin fəaliyyətinə son qoyulması regionda sülhün əldə olunmasına real zəmin formalaşdırıb.
Ermənistanın lokal antiterror tədbirlərindən sonra regiondakı yeni reallığa qarşı çıxmaq, onu dəyişmək, müəyyən revanşist bəyanatlarla, eləcə də əsassız “etnik təmizləmə” iddiaları ilə Azərbaycana qarşı təzyiqləri gücləndirmək cəhdləri iflasa uğrayıb. Rəsmi Bakı revanşist bəyanatlarla sülh çağırışlarına cavab verməyən Ermənistan rəhbərliyini qısa müddətdə sülhə məcburetmə istiqamətində mühüm gedişlər edib. Ermənistanın rəsmilərinin son aylardakı açıqlamaları da sübut edir ki, rəsmi İrəvan artıq Azərbaycanla yekun sülh sazişini imzalamaqdan başqa yolunun olmadığını anlayır.
Azərbaycan Ermənistanla birbaşa danışıqların sülh prosesinin irəlilədilməsi baxımından daha səmərəli format olduğunu da sübuta yetirib. 2023-cü ilin dekabrında birbaşa danışıqlar yolu ilə hərbi əsirlərin dəyişdirilməsi, bu il aprelin 19-da əldə olunan mühüm razılaşmalar əsasında delimitasiya prosesinin başlanması qeyd edilən formatın əhəmiyyətini bir daha təsdiq edib. Bütün bunlar sübut edir ki, ABŞ, Fransa, Avropa İttifaqı və Rusiyanın iştirakı olmadan da danışıqlar aparmaq, uğurlu nəticələr əldə etmək mümkündür.

MTM Analitik Qrup