Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilməsi üzrə Qazaxıstan-Özbəkistan-Azərbaycan birgə üçtərəfli layihəsinin uğurla həyata keçiriləcəyi halda, Özbəkistan 2030-cu ildən etibarən artıq qalan elektrik enerjisini Avropaya ixrac edə biləcək. Bu barədə Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin Astanada keçirilən I görüşü çərçivəsində deyib. Onun sözlərinə görə, ixracın dəqiq həcmi elektrik enerjisinin ötürülməsi sisteminin gücündən və avropalı alıcıların tələbatından asılı olacaq.
Göründüyü kimi, regionun iri neft və qaz hasilatçılarından olan Azərbaycanın dünyanın yeni çağırışlarını əsas tutaraq, malik olduğu alnernativ enerji mənbələrindən səmərəli istifadə istiqamətində kompleks tədbirlər dünyada ciddi maraqla qarşılanır. Ənənəvi enerji resurslarının – təbii ehtiyatların həcminin azalması, neft və qazın qiymətlərinin qeyri-sabitliyi, geosiyasi səbəblərlə formalaşması və ekoloji tarazlığın pozulmasına səbəb olması dünyada bərpa olunan enerji mənbələrinə marağı artırır.
Bütün bunlar Azərbaycanın “yaşıl enerji”yə keçid konsepsiyasının zamanın çağrışlarına adekvat olduğunu, müasir inkişaf trendləri ilə tam uzlaşdığını bir daha təsdiqləyir. Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamla təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi) qeyd olunduğu kimi, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Sənəd əsasında reallaşdırılan layihələr son illərdə ölkəmizin elektroenergetika sisteminin dayanıqlığını daha da gücləndirib. Təkcə onu vurğulamaq kifayətdir ki, 2021-ci ildə 23 elektrik stansiyası, yarımstansiya tikilib və yaxud yenidən qurularaq istismara verilib.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması ilə bağlı yeni və müasir konseptual yanaşmaları özündə əsk etdirir. İşğaldan azad edilmiş ərazilərin zəngin su ehtiyatları, çayları, su anbarları, termal bulaqları burada bərpa olunan enerji mənbələrindən məqsədyönlü strategiyanın reallaşdırılmasını zəruri edir. Mütəxəsslərin fikrincə, Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji potensialı 10 qiqavatdan çoxdur. Bu potensialdan səmərəli yararlanmaq istəyən hökumət elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını 2026-cı ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırmağı qarşıda hədəf kimi müəyyənləşdirib.
Xatırladaq ki, 2020-ci ilin yanvar ayında Azərbaycan hökuməti Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı icra müqavilələrinin imzalanması bu istiqamətdə mühüm addım olub. Xarici investisiya əsaslı bu layihələr çərçivəsində tikiləcək stansiyaların istismara verilməsi nəticəsində ildə 1,5 mlrd. kVt·st elektrik enerjisinin istehsalı, 330 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon emissiyasının qarşısının alınması gözlənilir.
Respublikamız elektrik enerjisinin ixracı, tranzit marşrutlarının yaradılması istiqamətində beynəlxalq əməkdaşlığı genişləndirməklə, yaxın perspektivdə Avropa ölkələrinə elektrik enerjisi ixrac edən ölkələrdən birinə çevrilmək niyyətindədir.2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın Buxarestdə “yaşıl” enerji nəqli üzrə yeni memorandum imzalayıblar. Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsi Avropanın təchizat mənbələrini şaxələndirəcək. Genişmiqyaslı layihə çərçivəsində Qara dənizin dibi ilə ümumi gücü 1000 meqavata qədər olan 500 kilovolt sualtı elektrik kabelinin çəkilməsi planlaşdırılır. Elektrik xətləri ötürücülüyünün ümumi uzunluğu 1500 kilometr olacağı bildirilir.
Yaradılacaq potensial Azərbaycanın elektrik enerjisinin ixracı sahəsində tranzit ölkəyə çevrilməsini də təmin edəcək.
MTM Analitik Qrup