Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi, Avropa İttifaqının Özbəkistandakı səfiri təyin edilmiş Toivo Klaar vəzifədən gedən ərəfədə səlahiyyətlərinə aid olmadan növbəti qərəzli açıqlamalar səsləndirib. Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatında haqlı olaraq qeyd edilir ki, Toivo Klaarın Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana və əvvəllər yaşadıqları digər ölkələrə miqrasiya etmiş ermənilərin qayıtması məsələsini xüsusi hal kimi nəzərdən keçirməsi, indiki Ermənistan ərazisindən deportasiya edilmiş azərbaycanlıların qayıdış hüququnu şərtləndirməsi qəbuledilməzdir.
Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri dönməsi üçün müvafiq şəraitin yaradılması Ermənistanın öhdəliyidir və beynəlxalq ictimaiyyət bu öhdəliyin yerinə yetirilməsini tələb etməlidir. Bundan əlavə, Azərbaycan tərəfi erməni sakinlərin öz evlərində qalması və geri qayıtması üçün dəfələrlə emüraciət etsə də, qarşı tərəf ölkəmizin bu humanist çağırışlarını adekvat dəyərləndirməyib. Bu baxımdan Ermənistan rəhbərlərinin və Toivo Klaarın “Qarabağın erməni sakinlərin hüquqları” mövzusunda qaldırdıqları iddialar tamamilə əsassızdır.
Ermənistanın rəsmilərinin son 10 ayda bu mövzuda Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamlar bu ölkənin qeyri-konstruktiv mövqedən çıxış etdiyini, faktiki olaraq “sülh imitasiyası” ilə məşğul olduğunu bir daha təsdiq edir. Halbuki, rəsmi İrəvanın Qarabağdan köçmüş erməni əsilli şəxslərə Ermənistan vətəndaşlığı verməsi onların Azərbaycan vətəndaşlığını qəbul edərək ərazimizdə yaşamaq istəməmələrinin əyani sübutudur.
Rəsmi İrəvanın gülünc və əsassız iddialarından biri də budur ki, Qərbi Azərbaycan İcmasının nümayəndələrinin tarixən yaşadıqları ərazilərə qayıtmaq istəyi guya “Azərbaycanın Ermənistana qarşı ərazi iddialarının təzahürüdür. Aşkar görünür ki, Azərbaycanın deportasiya olunmuş soydaşlarımızın geriyə qayıdışı məsələsini tələb kimi müəyyənləşdirməsi rəsmi İrəvanı ciddi narahat edir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan hazırda birgəyaşayış, habelə geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqramı təqdim edib. Lakin Ermənistan azərbaycanlıların bu ölkəyə geriqayıtma hüququnu inkar edir.
Ermənistan rəsmilərinin Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə bağlı absurd və əsassız fikirləri göstərir ki, rəsmi İrəvan azərbaycanlıların qayıdış hüququ tanımaq niyyətində deyil və bu prosesə mane olmaq üçün ənənəvi qarayaxma kampaniyasını işə salmağa, real vəziyyəti təhrif etməyə çalışır. Erməni lobbisinin təsiri altında Avropa İttifaqının bəzi rəsmilərini də bu prosesə qoşulub.
Rəsmi İrəvan yaxşı anlayır ki, Azərbaycanın qaldırdığı məsələ kifayət qədər ciddi fakt və sübutlara söykənir. Tarixi faktlar da sübut edir ki, son iki əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalıb.
Bütün bunların fonunda əminliklə deyə bilərik ki, qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışının təmini məsələsi keyfiyyətcə yeni mərhələdə Azərbaycanda milli ideya səviyyəli məsələyə çevrilib. Strateji xarakter kəsb edən bu məsələ orta və uzunmüddətli hədəflərə hesablanıb. Məqsəd Ermənistandan zorla qovulmuş azərbaycanlıların tarixi məskənlərinə qayıtmaq və yaşamaq hüququnun dünya dövlətləri, xüsusilə də rəsmi İrəvan tərəfindən tanınmasına nail olmaqdır.
MTM Analitik Qrup