BU İL AZƏRBAYCANA VƏ GÜRCÜSTANA SƏFƏR EDƏN RUSLARIN SAYI ARTIB, ERMƏNİSTANA İSƏ AZALIB

Cari ilin birinci yarısında Azərbaycana səfər edən rusiyalıların sayı 26 faiz artaraq 340 min nəfər olub. Həmçinin Gürcüstana səfər edən rusların sayı 31,5 faiz artaraq 522,7 min nəfər olsa da, Ermənistana səfər edənlərin sayı 17 faiz azalaraq qeyd olunan dövrdə təqribən 452,8 min nəfərə qədər enib.

Gürcüstan mediası xəbər verir ki, bu ilin yanvar-iyun aylarında 12,6 milyon Rusiya vətəndaşı xaricə səfər edib. Xaricə olan builki səfərlərin sayı 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 9 faiz çox olub. Həmin dövrdə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti 11,6 milyon səfər qeydə alıb.

Statistikaya görə, rusların ilin birinci yarısında səfər məqsədləri nəzərə alınmaqla ən çox səyahət etdikləri ölkələr arasında həm qonşu ölkələr (Qazaxıstan, Ermənistan və Gürcüstan), həm də turistlər arasında populyar olan xarici ölkələr (Türkiyə, BƏƏ, Misir, Tailand) üstünlük təşkil edib.

Rusiyalıların ənənəvi ən çox səfər etdikləri ölkələr sırasında Türkiyə yenə də liderlik mövqeyini qoruyub. Cari ilin yanvar-iyun aylarında Türkiyəyə rusiyalıların axını ötən illə müqayisədə 9,4 faiz artaraq təqribən 2,5 milyon səfər təşkil edib. Rusiyadan Çinə axın da nəzərəçarpacaq dərəcədə (üç dəfə – 793,4 min səfər) artıb.

Həmçinin ən çox ziyarət edilən ölkələrin ilk onluğuna Tailand (səyahətlərin sayı 30 faiz artıb) və Misir (15 faiz) daxildir. Qazaxıstan da rusiyalılar üçün populyar istiqamətlər sırasında olmasına baxmayaraq, bu ölkəyə səfərlərin sayı il ərzində 9 faiz azalaraq 1,2 milyon nəfərə çatıb.