Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bu gün Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minanın partlaması nəticəsində xidməti vəzifələrini icra edən üç mülki şəxsin və bir hərbi qulluqçunun yaralanmasına münasibət bildirib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Məlumatda bildirilib: “Qeyd etmək istərdik ki, həmin kənd Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı cari il aprelin 19-da əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılıb.
Göründüyü kimi, Ermənistan hətta delimitasiyadan sonra belə mina terroru siyasətini davam etdirir, əhalinin həyat və sağlamlığına təhlükə yaradan əməllərindən əl çəkmir.
Bir daha bildiririk ki, ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsi keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, eləcə də sərhədlərin delimitasiyası prosesinə və bölgədə aparılan bərpa-quruculuq işlərinə ciddi maneə törədir.
Beynəlxalq ictimaiyyət dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi istiqamətində Ermənistana təsir göstərməli, bu ölkənin mina terroruna səssiz qalmamalıdır”.