FRANSA MƏTBUATI AZƏRBAYCANLI İDMANÇILARIN “PARİS-2024”DƏ UĞURLU ÇIXIŞLARINDAN YAZIB

“Franceinfo” portalı “Paris-2024” Olimpiya Oyunlarında cüdo üzrə ilk çempionumuzdan yazıb. Hidayət Heydərov (78 kq) bütün xalqımıza sevinc bəxş etməklə yanaşı, fransız mətbuatında “dünyada nömrə 1” kimi təqdim edilib.

“Ouest-France” portalı Azərbaycanın cüdo üzrə ikinci qızıl medalçısı Zalim Kotsoyevdən yazıb. Hidayət Heydərovdan ilhamlandığını deyən Zelim Kotsoyev (100 kq) “Paris-2024” Olimpiya Oyunlarında Azərbaycana ikinci qızıl medalını qazandırıb. Beləliklə də Azərbaycan Olimpya Oyunlarında cüdo yarışlarında ilk dəfə 2 qızıl medal qazanıb.

Fransanın “20 minutes” portalı isə Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yğımasının yarışlarda beynəlxalq idman ictimaiyyətini təəccübləndirməsindən yazıb. Ümumiyyətlə fransız mətbuatında Azərbaycan qadınlarından ibarət 3×3 basketbol komandasından daha çox danışılıb.

Azərbaycanın tarixi, coğrafiyası, möhtəşəm mənzərələri, səyahət üçün ideal məkan olması haqqında geniş məlumat verilən “Azərbaycan dünyada necə 3×3 basketbol qalasına çevrildi?” başlıqlı məqalədə basketbol komandamızın yeni yaranmasına baxmayaraq, Azərbaycanın dünya basketbolunda önəmli ölkəyə çevrildiyi vurğulanır.