Tələbələrin köçürülməsi üçün müraciətlərin qəbulu başa çatıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, müraciətlərin qəbulu iyulun 25-dən avqustun 1-dək portal.edu.az vasitəsilə aparılıb. Ümumilikdə 2575 tələbə təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişmək üçün müraciət edib.
Növbəti mərhələdə köçürülmə üçün müraciət edən tələbələrin məlumatları təhsil müəssisələri tərəfindən yoxlanılaraq müraciətin statusu barədə şəxsi kabinetə bildiriş göndəriləcək. Təhsil müəssisəsi tərəfindən müraciətə müsbət cavab verildiyi halda tələbə tərəfindən yerdəyişmə istəyinin təsdiq olunması tələb olunacaq. Müraciət edən tələbə köçürülmək istədiyi təqdirdə şəxsi kabinetdə “Təsdiq et”, imtina etmək istədiyi təqdirdə isə “İmtina et” düyməsini seçməlidir.
Müraciətin statusu barədə məlumat üçün tələbələr şəxsi kabinetlərini mütəmadi olaraq izləməlidirlər.