XƏZƏR HÖVZƏSİNDƏ HƏYATA KEÇİRİLƏN NÖVBƏTİ TRANSMİLLİ LAYİHƏLƏR AZƏRBAYCANA YENİ NAİLİYYƏTLƏR QAZANDIRIR

Bu gün Xəzər dənizi, sözügedən hövzədə yerləşən ölkələr dünya miqyasında  xüsusi maraq dairəsində yer alır. Burada zəngin enerji resurslarının mövcudluğu ilə yanaşı, regionun mühüm geosiyasi mövqeyi də müstəsna rol oynayır. Xəzər regionunun coğrafi yerləşməsi bu hövzədə yerləşən ölkələrə həm Avropa, həm də Yaxın Şərq dövlətləri ilə konstruktiv münasibətlər yaratmaq, eyni zamanda onlar arasında əlaqə qurmaq üçün unikal imkanlar formalaşdırır. Rusiya və Ukrayna arasında başlanan savaş fonunda Xəzər regionunun əhəmiyyəti daha sürətlə artır. 

Ümumiyyətlə, dünyanın ən böyük daxili su hövzəsi enerji resursları, strateji mövqeyi, biomüxtəlifliyi və regional təhlükəsizlikdəki rolu da daxil olmaqla, bir çox parametrlər baxımından Avrasiyada ən vacib məkanlardan birinə çevrilib. O da xüsusi qeyd olunmalıdır ki, Xəzərin imkanlarının dünyaya təqdim edilməsində Azərbaycan həlledici rol oynayır.  Məhz Azərbaycan  Xəzərin enerji resurslarının dünya bazarlarına, xüsusən də Avropaya nəqlində transmilli xarakter daşıyan çoxsaylı layihələr həyata keçirib. Eyni zamanda Xəzərin sahilində yerləşən Mərkəzi Asiya ölkələrinin də enerji resurslarının Qərbə nəqlində Azərbaycan tranzit ölkə kimi böyük əhəmiyyətə malikdir.

Təchizat marşrutları baxımından da Xəzər hövzəsinin strateji əhəmiyyəti artır. Avropa və Asiyanın kəsişməsində yerləşən Xəzər qlobal ticarət üçün mühüm tranzit marşrutu kimi çıxış edir. Xəzər üzərindən keçən  tranzit marşrutlar və perspektiv layihələr Asiya, Avropa və Yaxın Şərq arasında ticarət, infrastruktur əlaqələrini gücləndirmək məqsədi daşıyır. Ümumiyyətlə, Xəzər regionu yeni ticarət yollarının formalaşdırılmasında mühüm rol oynayır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu buna əyani misal kimi göstərilə bilər.

Xəzər üzərindən yeni marşrutların yaradılması, bu məqsədlə böyük həcmdə sərmayələrin ayrılması da diqqət mərkəzindədir. Məsələn, Yaponiya Xəzərlə bağlı yeni proqram həyata keçirməyi planlaşdırır. Proqram Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya regionunu Avropa ilə birləşdirəcək yeni ticarət marşrutunun yaradılmasını nəzərdə tutur. Bu marşrut Azərbaycandan keçməklə Avropaya kimi uzanmalıdır. Yaponiya da daxil olmaqla dünyada nəzərə alınır ki, hazırda Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər özünün yeni yüksəliş mərhələsinə daxil olub.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərindəki əhəmiyyəti də dünya miqyasında nəzərə alınır. Ölkəmizin təşəbbüskarı olduğu Zəngəzur dəhlizi də regionda yeni nəqliyyat imkanları yaradacaq, Avropa ilə Asiyanın daha sıx birləşməsinə təkan verəcək. Bütün bunlar Yaponiyada, həmçinin Xəzər hövzəsində maraqlı olan ölkələr, təşkilatlar tərəfindən birmənalı şəkildə nəzərə alınır. Nəticə etibarı ilə Xəzərlə bağlı yeni transmilli layihələrin reallaşması Azərbaycana yeni imkanlar qazandırır, ölkəmizi daha qüdrətli hala gətirir. Ümumiyyətlə, qarşıdakı dövr ərzində Azərbaycan Xəzər hövzəsində həyata keçirilən transmilli layihələrdən ən çox fayda götürən ölkələrdən biri olacaq. Bu, Azərbaycanın uğurlu xarici, iqtisadi siyasətinin məntiqi nəticəsi kimi də çıxış edir.

MTM Analitik Qrup