Vyetnam lideri Ho Şi Minin Azərbaycana səfərinin 65 illik yubileyi ilə əlaqədar Bakıda “Vyetnam günləri” çərçivəsində Azərbaycan və Vyetnamın aidiyyəti qurumlarının təşkilatçılığı və iştirakı ilə çoxsaylı tədbirlər təşkil olunub.
“Vyetnam günləri”ndə iştirak məqsədilə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Bakıya səfər edən Vyetnam nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzi ilə tanış olub, Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama tarixi səfərini əks etdirən arxiv fotoşəkillərini Mərkəzə təqdim ediblər.
KOBİA və Vyetnamın Milli Sahibkarlıq Assosiasiyası (ViNen) arasında tərəfdaşlıq əsasında hər iki ölkənin sahibkarlarının iştirakı ilə biznes-forum keçirilib, müvafiq əməkdaşlıq sənədləri imzalanıb. Forumda çıxış edən ölkəmizin Vyetnamdakı səfiri Şövqi Mehdizadə 65 il öncə baş tutmuş səfərin tarixi əhəmiyyətini vurğulayaraq, iki xalqın liderləri – Heydər Əliyev və Ho Şi Min tərəfindən əsası qoyulmuş tarixi dostluq və əməkdaşlıq əlaqələrinin bu gün də uğurla inkişaf etdiyini bildirib.
Səfər çərçivəsində Vyetnam nümayəndə heyətinin KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Dövlət Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov və Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Fərhad Cabbarovla görüşləri baş tutub, gələcək əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.
Azərbaycanın Vyetnamdakı səfirliyi, hər iki ölkənin Mədəniyyət nazirlikləri və kino birliklərinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Vyetnam istehsalı olan “Đào, Phở và Piano” (“Şaftalı çiçəyi, Fo və piano”) adlı filmin premyerası baş tutub.
Bundan əlavə, Bakıdakı nüfuzlu kulinariya mərkəzlərindən birində azərbaycanlı və vyetnamlı kulinariya mütəxəssisləri ləziz Vyetnam yeməklərinin təqdimatını keçirib.
Vyetnam nümayəndə heyətinin üzvləri “Xəzər” telekanalının qonağı olub.
Qeyd edək ki, Vyetnamın sabiq Prezidenti Ho Şi Minin Bakıya səfərinin 65-ci ildönümü ilə bağlı tədbirlər Bakı və Hanoy şəhərlərində il ərzində davam edəcək.