ƏHALİNİN BANKLARA OLAN KREDİT BORCU İLƏ BAĞLI GÖSTƏRİCİLƏRİN TƏHLİLİ

MTM (Media Təhlil Mərkəzi) Mərkəzi Bankın cari ilin I rübün sonunda əhalinin banka olan kredit borcları ilə bağlı açıqladığı rəqəmlər əsasında təhlil aparıb.

Aparılan təhlilə görə, cari ilin ilk üç ayında əhalinin banklara olan kredit borcunun həcmi ötən ilin yekun göstəriciləri ilə müqayisədə 3,19% və ya 431,6 milyon manat artaraq 13,9 milyard manat təşkil edib. 2019-cu ilin sonunda isə əhalinin banklara olan kredit borcunun həcmi 6,7 milyard olub və bu o deməkdir ki, 4 il 3 ay müddətində borc məbləği 2,1 dəfə və ya 7,2 milyard manat artıb.

Xatırladaq ki, 2023-cü ilin sonunda əhalinin banklara olan kredit borcunun həcmi 13,5 milyard manat təşkil edib. Bu da 2022-ci ilin son günü ilə müqayisədə 24,1% və ya 2,6 milyard manat artım deməkdir. 

Əhalinin banklara olan kredit borcunun müddətinə baxsaq uzunmüddətli kreditlərin böyük üstünlük təşkil etdiyini görərik. Buna səbəb əhalinin əsasən daşınmaz əmlak və ya nəqliyyat vasitəsi əldə etmək üçün kredit götürməsidir.

Qeyd: 5 ilə kimi müddətə götürülən kreditlər qısamüddətli, 5 il və daha uzun müddətə götürülən kreditlər isə uzunmüddətli kreditlər adlanır.

Mərkəzi Bankın cari ilin I rübünün sonuna olan məlumatına görə, əhalinin banklara olan kredit borcunun 88,38%-ni uzunmüddətli, 11,62%-ni isə qısamüddətli kreditlər təşkil edib. 2019-cu ildən etibarən hər il əvvəlki il ilə müqayisədə uzunmüddətli kreditlərin həcmində artım, qısamüdətli kreditlərin həcmində isə azalma müşahidə olunub.

Aparılan təhlil zamanı məlum olub ki, son illər Azərbaycanda əhalinin banklara olan kredit borcunun həcminin artması həm də kredit kartlarından istifadəsi ilə bağlı olub. Rəsmi rəqəmlərə əsasən, 2024-cü ilin I rübünün sonunda əhalinin kredit kartlarında toplanmış borclarının həcmi 1,2 milyard manata çatıb. Bu, son 3 ayda 3,41% və ya 71,6 milyon manat artım deməkdir.

2023-cü ilin sonuna olan nəticəyə görə isə əhalinin kredit kartlarında olan borcu 1,1 milyard manat təşkil edib ki, bu da 2022-ci ilin son günü ilə müqayisədə 23,5% və ya 288,4 milyon manat çox olub. 2019-cu ilin sonunda isə əhalinin kredit kartlarına olan borcu 519 milyon manat təşkil etmişdi.

Cənubi Qafqaz ölkələrində əhalinin sayında kəskin fərq olsa da, hər üç ölkənin Dövlət Statistika Komitələrinin açıqladığı rəsmi məlumatlar göstərir ki, Azərbaycan əhalinin bir nəfərinə düşən kredit borcu həcminə görə Cənubi Qafqaz ölkələri arasında müsbət mənada son sırada yer alıb. Daha dəqiq desək, Azərbaycanda 2024-cü ilin I rübünün sonunda əhalinin bir nəfərinə düşən kredit borcu həcmi 806, Ermənistanda 2124, Gürcüstanda isə 2800 dollar təşkil edib.