Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Prezident Viola Amherdi təbrik edib.
Milli bayram münasibətilə xanım Prezidentə və bütün xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından səmimi təbriklərini çatdıran dövlətimizin başçısı qeyd edib: “İnanıram ki, Azərbaycan ilə İsveçrə arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Ölkəmizin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində iqlim dəyişmələri ilə mübarizə sahəsində İsveçrə ilə sıx əməkdaşlıq edəcəyimizə ümidvaram”.
Azərbaycan Prezidenti belə bir əlamətdar gündə isveçrəli həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, İsveçrə Konfederasiyasına daim rifah və firavanlıq diləyib.