TÜRKİYƏ-AZƏRBAYCAN HƏRBİ ƏMƏKDŞALIĞI DÜNYADA UĞURLU İNTEQRASİYA MODELİ KİMİ DƏYƏRLƏNDİRİLİR

Azərbaycan-Türkiyə münasibətlərinin bütün sferalarda, o cümlədən hərbi-texniki əməkdaşlıq, müdafiə sənayesi istehsalı sahələrində sürətli inkişafı dünyada ciddi maraqla qarşılanır. Bu günlərdə ABŞ-ın məşhur “Atlantic Council” beyin mərkəzi ölkələrimiz arasında hərbi əməkdaşlığı nümunə və effektli model kimi qiymətləndirib.


Qurum Türkiyənin xüsusilə pilotsuz uçuş aparatları (PUA) istehsalı və süni intellekt sənayesi sahəsində lider ölkələrdən birinə çevrildiyi vurğulanıb. Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı bu texnologiyaların NATO üzvü olan ölkələrə inteqrasiyası baxımından uğurlu modeli kimi dəyərləndirilib.


Ordumuzun mütərəqqi təcrübələr əsasında inkişafı Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının mühüm hədəflərindəndir. Rəsmi Bakı bu baxımdan strateji müttəfiqi, NATO-nun tamhüquqlu üzvü olan Türkiyə ilə hərbi-texniki əməkdaşlığa geniş yer verir, mütərəqqi təcrübəsini mənimsəməyə çalışır. Azərbaycan Silahlı Qüvvələrin yeni parametrlər üzrə formalaşdırılması – Hadrutda, Kəlbəcərdə və digər ərazilərdə komando tipli hərbi hissələrin yaradılması peşəkar və nizami ordu quruculuğu məsələlərinin postkonflikt dövründə prioritet mahiyyət kəsb etdiyini göstərir.


Lokal antiterror tədbirlərindən sonra dünyanın aparıcı hərbi mərkəzləri, tanınmış hərbi ekspertlər Azərbaycanın döyüş əməliyyatlarında nümayiş etdirdiyi unikal təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı çoxsaylı çağırışlar səsləndiriblər. Azərbaycan Silahlı Qüvvələrinin çevik, minimal itkiyə hədəflənən, mülki əhalini hədəf seçməyən hərbi əməliyyatları hərbi ekspertlər tərəfindən yeni intellektual yanaşma və çevik döyüş taktikası kimi yüksək qiymət alıb.


Ermənistanın son zamanlar şərti sərhəd ərazilərdə törətdiyi hərbi təxribatlar, mövqelərimizin atəşə tutulması hallarının geniş miqyas alması, kəşfiyyat uçuşları regiondakı nisbi sabitliyin hər an pozulması mümkünlüyünə işarədir. Qarşı tərəfin üzərinə götürdüyü bir sıra öhdəliklərə əməl etməməsi, Zəngəzur dəhlizinin reallaşdırılmasına qarşı çıxması, habelə erməni cəmiyyətindəki revanş çağırışları yekun sülh sazişinin imzalanmasına qarşı yönəlmiş destruktiv addımlardır.


Bölgədəki gərgin vəziyyətin doğurduğu aktual çağırışlar strateji müttəfiqlər olan Azərbaycan ilə Türkiyə arasında müdafiə və təhlükəsizlik sahələrindəki əməkdaşlığın gücləndirilməsini zəruri edir. Azərbaycanın müdafiə nazirinin Türkiyəyə mütəmadi səfərləri, qardaş ölkənin Milli Müdafiə Nazirliyinin rəhbər şəxslərinin Bakıya səfərləri, hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsinə dair aparılan müzakirələr bu baxımdan mühüm əhəmiyyət daşıyır;
Türkiyə İkinci Qarabağ müharibəsindən sonra da Azərbaycanın təhdid edilməsi cəhdlərinə qarşı prinsipial mövqeyini nümayiş etdirib. Son üç ildə keçirilmiş taktiki təlimləri stateji müttəfiq ölkələrimizin regional təhdidlərə adekvat cavabı olub. Müntəzəm xarakter alan birgə hərbi təlimlər Azərbaycana əzələ nümayiş etdirmək istəyən, regionda sülh prosesinə mane olmağa çalışan bir sıra ölkələrə sərt xəbərdarlıqdır.

MTM Analitik Qrup