Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masa təşkil edilib.
Hər iki qurumun əməkdaşlarının, həmçinin media nümayəndələrinin qatıldıqları tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov müvafiq dövlət qurumları ilə birgə təşkil edilən genişmiqyaslı maarifləndirmə layihələrinin seçkilərin azad, ədalətli və şəffaf keçirilməsindəki əhəmiyyətindən danışıb, seçki qanunvericiliyinin və seçki təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər və atılan addımlardan danışıb, parlament seçkilərinin qanunvericiliyin tələbləri əsasında, beynəlxalq standartlara tam cavab verən, yüksək səviyyədə təşkili üçün müvafiq şəraitin yaradıldığını diqqətə çatdırıb.
Seçki prosesində media subyektlərinin üzərinə düşən vəzifələri vurğulayan MSK sədri, həmçinin seçkilərdə yerli və beynəlxalq müşahidənin həyata keçirilməsi üçün yaradılan hərtərəfli və geniş imkanları iştirakçıların diqqətinə çatdırıb.
Ombudsman Səbinə Əliyeva vətəndaşların seçki hüququnun daha səmərəli təmin olunması və seçki sisteminin hərtərəfli inkişaf etdirilməsi üçün seçki subyektlərinin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə birgə maarifləndirici tədbirlərin həyata keçiriləcəyini bildirib, artıq MSK ilə birgə növbədənkənar parlament seçkiləri ərəfəsində həmin tədbirlərin keçirilməsi üzrə təqvim planının təsdiqləndiyini və icrası istiqamətində zəruri addımların atıldığını diqqətə çatdırıb.
Müvəkkil seçkilərin Seçki Məcəlləsinə uyğun həyata keçirilməsinin ölkəmizin hüquqi, demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmini, milli qanunvericiliyin inkişafı prinsiplərinə daim sadiq olduğunu bir daha təsdiqlədiyini deyib.
Eyni zamanda, ombudsman, onun Aparatının və regional mərkəzlərinin əməkdaşları ötən illərdəki müsbət təcrübəyə uyğun olaraq, həm Bakıda, həm də ölkənin bütün regionlarında müstəqil şəkildə, özlərinin təşəbbüsü ilə müşahidəçi qismində növbədənkənar parlament seçkilərinin müşahidəsini aparacaqları qeyd edilib.
S.Əliyeva, həmçinin Ombudsman təsisatının əvvəlki seçkilər zamanı həyata keçirdiyi fəaliyyət nəticəsində əldə etdiyi təcrübə əsasında seçki hüquqlarının daha səmərəli təmin olunması ilə bağlı tövsiyələrini verib.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov “Seçki hüququnun səmərəli təminatına konstitusional və qanunvericilik imkanları” mövzusunda məruzə ilə çıxış edib. O, ölkəmizin mövcud seçki qanunverciliyi və seçkilərin yüksək səviyyədə keçirilməsi istiqamətində atılan məqsədyönlü addımların seçicilərin öz konstitusion hüquqlarını azad və sərbəst şəkildə həyata keçirməsinə şərait yaratdığını bildirib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı “Müşahidəçilik institutunun əhəmiyyəti və Ombudsmanın bu prosesdə rolu” mövzusunda çıxışı zamanı seçki prosesində müşahidəçilik institutunun tətbiqinin əhəmiyyətindən bəhs edib. Aparat rəhbəri müşahidəçilik institutunun vətəndaşların seçki hüququnun müdafiəsinə, seçki prosesi zamanı yarana biləcək çatışmazlıqların aradan qaldırılmasına, aşkarlıq və şəffaflıq mühitinin yaradılmasına töhfə verdiyini bildirib, Ombudsman təsisatının müşahidəçilik təcrübəsindən danışıb.