ERMƏNİSTAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNİN NORMALLAŞMASI REGİONDA DAYANIQLI SÜLHDƏN KEÇİR

Ermənistan-Türkiyə sərhədində, Marqara-Əlican sərhəd-keçid məntəqəsində hər iki ölkənin xüsusi nümayəndələrinin – Ruben Rubinyan və Serdar Kılıçın iyulun 30-da reallaşan sayca beşinci görüşü münasibətlərin normallaşdırılması mövzusunu yenidən aktuallaşdırıb. Görüş ərəfəsində Ermənistan rəsmilərinin verdiyi açıqlamalar, baş nazir Nikol Paşinyanın Armavir vilayətinə səfəri çərçivəsində əsaslı təmir edilmiş Marqara-Əlican sərhəd-keçid məntəqəsinə baş çəkməsi rəsmi İrəvanın sərhədlərin açılmasına ciddi marağının təzahürləri kimi diqqət çəkir.
Xüsusi nümayəndələrin iyulun 30-da keçirilən görüşündə Axurik-Akyaka dəmir yolu sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlaması üçün texniki ehtiyacların regional inkişafa uyğun qiymətləndirilməsi, eləcə də diplomatik pasporta malik şəxslər üçün viza prosedurlarının asanlaşdırılması barədə razılıq əldə olunub. Tərəflər, eyni zamanda, ilkin şərt irəli sürmədən nizamlanma prosesinin davam etdirilməsi ilə razılaşmanı təsdiq ediblər.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 13-də mediaya müsahibəsində Bakı ilə İrəvan arasında yalnız tamhüquqlu sülh sazişinin imzalanmasından sonra Türkiyənin Ermənistanla sərhədi aça biləcəyini bildirib. Türkiyə Prezidenti eyni zamanda vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması sazişi tamamlayacaq yekun addım olacaq: “İndi sülh üçün hər şeyi etməliyik. Ümid edirik ki, Türkiyənin ürəkdən dəstəklədiyi Azərbaycan və Ermənistan arasında tezliklə davamlı sülh əldə olunacaq. Zəngəzur dəhlizinin açılması sülh sazişini tamamlayacaq yekun addımdır”.
Ermənistan rəsmiləri gec də olsa, Türkiyə ilə münasibətlərin normallaşması posesinin Azərbaycanla yekun sülh sazişindən asılı proses olduğunu qəbul etməyə başlayıblar. Rəsmi İrəvan üzləşdiyi total hərbi-siyasi məğlubiyyyətdən sonra özünütəcrid vəziyyətinin ona həm iqtisadi, həm də təhlükəsizlik nöqteyi-nəzərindən ciddi problemlər yarada biləcəyinin fərqindədir. Yeni geosiyasi reallıqlar fonunda Ermənistanın əvvəlki səhvləri davam etdirərək əməkdaşlıq və inteqrasiya təşəbbüslərindən davamlı imtina etməsi bu ölkənin daha böyük itkilərə məruz qalması ilə nəticələnə bilər.
Sərhədlərinin bağlı olması Ermənistanın xarici ticarət və ixrac imkanlarını azaldır, yükdaşımaları üçün alternativ marşrutları məhdudlaşdırır. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmiryolu və avtomobil yollarının İran ərazisindən çəkilişi ilə bağlı əldə olunmuş memorandum da rəsmi İrəvanın Zəngəzur dəhlizi mövzusu ilə Azərbaycana təsir cəhdlərinin qarşısını alıb. Dəhlizin Ermənistan ərazisindən keçməsi Azərbaycan üçün əvvəlki cəlbediciliyini itirib. Bu, rəsmi İrəvanın təkcə Zəngəzur Dəhlizi ilə bağlı siyasi manipulyasiyalarına son qoyulması deyil, həm də külli miqdarda illik tranzit gəlirindən məhrum olması, dalan vəziyyətdə qalması deməkdir.
Ermənistan rəhbərliyi onu da yaxşı bilir ki, Türkiyə dünyanın əsas sənaye, turizm və ticarət mərkəzlərindən biridir. Eyni zamanda, onun strateji müttəfiqi olan Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya əhəmiyyətli enerji və nəqliyyat layihələrini reallaşdırır, “Orta Dəhliz”in ötürücülük imkanlarını genişləndirir. Hər iki ölkə ilə münasibətlərin yaxşılaşdırılması Ermənistanın gələcək inkişafı, forpost vəziyyətindən, iqtisadi çətinliklərdən xilas olması deməkdir.

MTM Analitik Qrup