Azərbaycanın daha yeddi idmançısı və qadınlardan ibarət 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.
Əvvəlcə kişilərin fərdi yarışında triatlonçumuz Rostislav Pevtsov çıxış edəcək.
Ardınca akademik avarçəkmədə Azərbaycanı təmsil edən Diana Dımçenko 1/4 finalda yarışacaq.
Həmçinin cüdoçu Zelim Tçkayev də mübarizəyə qoşulacaq. 81 kq çəki dərəcəsində yer alan milli üzvü 1/16 final səddini keçməyə çalışacaq.
Üzgüçü Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsini adlamaq istəyəcək.
Daha sonra boksçular – Nicat Hüseynov (51 kq) və Murad Allahverdiyev (80 kq) rinqə çıxacaqlar. 1/16 finaldan başlayacaq N.Allahverdiyev Dominikandan olan Junior Alkantara Reyeslə üz-üzə gələcəksə, M.Allahverdiyev misirli Abdelrahman Abdelcavvadla qarşılaşacaq.
Bu gün Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova da qüvvəsini sınayacaq. Sıralama turunda 647 xalla 39-cu yeri tutan milli üzvü 1/32 finalda çinli An Qixuanla görüşəcək.
Günün sonunda Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi yarışa qoşulacaq. Təmsilçimiz ilk mərhələdə İspaniya yığması ilə görüşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.