“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilmiş 2-ci Şuşa Qlobal Media Forumu hələ də dünya mediasının diqqət mərkəzindədir. Forumun iştirakçıları olan media nümayəndələri bu mötəbər tədbirdə müzakirə olunan aktual məsələlər, xüsusən Prezident İlham Əliyevin dünyada və bölgədə baş verən proseslər, ölkəmizlə bağlı həqiqətlər, hazırda medianın qarşısında duran əsas çağırışlarla bağlı fikirlərinə geniş yer ayırırlar.
Omanın “Times of Oman” nəşri 2-ci Şuşa Qlobal Media Forumu və dövlətimizin başçısının tədbirin açılışında iştirakçıların suallarını cavablandırarkən səsləndirdiyi fikirlərə geniş yer ayırıb.
“Times of Oman” nəşrində yayımlanan məqalədə artıq ikinci ildir təşkil olunan və geniş beynəlxalq auditoriyanı əhatə edən Forumun, həmçinin COP29 Sədrliyinin rəsmiləri ilə görüşmək, COP29-a hazırlıq məsələləri, iqlim dəyişikliyinə qarşı mübarizənin dəstəklənməsi və bir sıra aktual mövzularda ətraflı müzakirələr aparmaq imkanı yaratdığı vurğulanıb.
Qeyd olunub ki, 50-dən çox ölkədən media nümayəndələrinin qatıldıqları tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev media mütəxəssislərinin və ekspertlərin suallarını cavablandırıb, ötənilki Forumdan keçən müddətdə regionda və dünyada baş verən hadisələr barədə fikirlərini bölüşüb.
Məqalədə Prezident İlham Əliyevin regionda təhlükəsizlik məsələləri, işğaldan azad edilən ərazilərdə həyata keçirilən bərpa-yenidənqurma işləri barədə fikirlərindən sitat gətirilib: “Yəni, biz – bu regionun xalqları özümüzü təhlükəsiz hiss edəcəyik. Buna əminəm, münaqişələr və qarşıdurmalar keçmişdə qalıb. Füzuli hava limanından buraya səfər edərkən siz gördünüz ki, biz nəhəng yenidənqurma proqramı həyata keçiririk və sizin gördükləriniz, bəlkə bu işlərin heç beş faizi deyil. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib amildir. Eyni zamanda, gözləntilər vacibdir. Cəmiyyət görür ki, uzun illər can atdığı məqsədlər artıq reallığa çevrilibdir”.
Yazıda dövlətimizin başçısının Azərbaycanın bərpaolunan enerji sahəsində atılan addımlar, ölkəmizin zəngin yaşıl enerji potensialı barədə fikirlərinə də geniş yer verilib: “Biz ən böyük Günəş Elektrik Stansiyasını – 230 meqavat gücündə stansiyanı istifadəyə verdik. İndi isə 240 meqavatlıq külək elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır və tezliklə biz 240 meqavatlıq Günəş Elektrik Stansiyasının açılışını edəcəyik. Birinci layihə “Masdar” şirkəti, ikinci layihə isə “Acwa Power” şirkəti tərəfindən həyata keçirilir. Üçüncüsü isə BP tərəfindən inşa ediləcək. Yəni, bunlar dünyanın aparıcı enerji şirkətləridir. Bununla yanaşı, ötən ay Bakıda biz üç Günəş və külək elektrik stansiyasının təməlini qoyduq, ümumi həcm bir qiqavatdır. Biz bu sahədə çox böyük işlər görürük. Böyük potensialımız var, həm texniki, həm də iqtisadi potensialımız. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda Günəş və külək stansiyalarının potensialı, göstərir ki, biz 27 qiqavat həcm istehsal edə bilərik, yəni, həcm böyükdür”.
Məqalədə Prezident İlham Əliyevin media sənayesinin gələcəyi, bu sahədə süni intellektin rolu, o cümlədən süni intellektlə bir sıra manipulyasiyalara, ciddi təhlükələrə yol aça biləcəyi barədə fikirlərinin böyük maraqla qarşılandığı qeyd olunub. “Zənnimcə, beynəlxalq səviyyədə belə bir mexanizm işlənib hazırlana bilər. Bu, heç bir halda söz azadlığının məhdudlaşdırılması kimi qəbul olunmayacaq. Beynəlxalq səviyyədə, BMT səviyyəsində, yaxud da “Böyük 20”lik tərəfindən təşəbbüslər irəli sürülə bilər ki, buna son qoyulsun. Bu, çox ciddi bir təhdiddir və təşəkkür edirəm ki, siz bu mövzuya toxunursunuz”, – deyə dövlətimizin başçısının fikri oxucuların diqqətinə çatdırılıb.
Həmçinin qeyd olunub ki, Forum çərçivəsində iki gün ərzində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında müzakirələr aparılıb.
Bildirilib ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.
Qeyd edək ki, “Times of Oman” portalında dərc olunan “COP29 nədir” sərlövhəli məqalədə isə Azərbaycan bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi vurğulanıb. Qeyd edilib ki, beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində güclü təcrübəyə malik Azərbaycan COP29-un keçiriləcəyi məkan kimi Bakı Stadionunu seçib. COP29 Sədrliyi şəffaf, qərəzsiz və inklüziv bir prosesi həyata keçirmək məqsədilə ambisiyaları artırmaq və fəaliyyətə imkan vermək üçün bir-birini gücləndirən iki sütuna əsaslanan plan hazırlayıb.
Bildirilib ki, COP29 Sədrliyi tərəfindən yaradılan və idarə olunan Yaşıl Zonanın iştirakçılara perspektivə dair planlarını bildirmək üçün dinamik forum təqdim edir. Bu, həm cari yenilikləri, həm də iqlim dəyişikliyi ilə mübarizə üçün potensial həlləri nümayiş etdirən müzakirələr, panellər və nümayişlər üçün mərkəzdir. Burada maraqlı tərəflər innovativ həllərini və iqlim problemlərinin həllinə töhfələrini təqdim etmək imkanı əldə edirlər. Onların ixtiraları, həll yolları və sahibkarlıq ruhu Azərbaycanın ev sahibliyi etdiyi COP29-un uğuru üçün çox vacibdir.