MTM-in (Media Təhlil Mərkəzi) Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi məlumatlara əsasən apardığı təhlil göstərir ki, 2024-cü ilin I yarımilində xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 16,8% və ya 4,4 milyard dollar azalaraq 21,8 milyard dollar təşkil edib. Müqayisəni 2023-cü ilin II yarımili ilə apardıqda isə 13% və ya 3,2 milyard dollar azalma olduğu görünür.
Son iki ilin xarici ticarət dövriyyəsi üzrə həcminə diqqət yetirsək, hər yarımildə qeydə alınan rəqəmlərin əvvəlki yarımillə müqayisədə azaldığını görərik. Artım yalnız 2022-ci ildə qeydə alınıb. Belə ki, 2022-ci ilin ikinci yarısında xarici ticarət dövriyyəsi I yarımil ilə müqayisədə 12,1% və ya 3 milyard manat artaraq 27,85 milyard dollar təşkil edib.
Əlavə məlumat üçün qeyd edək ki, 2024-cü ilin ilk yarısında Azərbaycanın 168 ölkə ilə ticarət əlaqələri baş tutub. Ən yüksək xarici ticarət dövriyyəsi əvvəlki dövrlərdəki kimi İtaliya ilə olub. Həmin dövrdə İtaliya ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsinin həcmi 4,9 milyard dolları ötüb.
Cari ilin I yarımilində ölkənin ixrac gəlirləri 12,9 milyard dollar təşkil edib ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 28,2% və ya 5,1 milyard dollar, ötən ilin son yarımili ilə müqayisədə isə 19% və ya 3 milyard dollar az deməkdir.
Aparılan təhlil zamanı məlum olub ki, ümumiyyətlə son iki ildə xarici ticarət dövriyyəsini təşkil edən ixrac və idxal göstəricilərindəki azalmaya səbəb məhz ixrac gəlirlərinin azalmasıdır. İdxal göstəricilərinə baxdıqda isə cari ilin I yarısında qeydə alınan idxal həcminin ötən ilin eyni dövrü ilə müqayisədə artdığını, II yarımili ilə müqayisədə isə azaldığını görə bilərik. Daha dəqiq desək, cari ilin I yarımilində idxal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% və ya 669 milyon dollar artaraq 8,87 milyard dollara çatıb. Ötən ilin II yarısı ilə müqayisədə isə 2,4% və ya 220 milyon dollar azalıb.
Son 5 yarımildə ixrac və idxal həcminin fərqindən yaranan saldo daim azalsa da, ümumilikdə müsbət olub. Belə ki, 2024-cü ilin I yarısında ixrac və idxal həcminin fərqindən yaranan saldo ötən ilin eyni dövrü ilə müqayisədə 58,7% və ya 5,7 milyard dollar azalsa da, 4 milyard dolların üzərində olub.
2022-ci ilin ilk yarısında isə 12,1 milyard dollarlıq müsbət saldo qeydə alınıb ki, bu da cari ilin birinci yarısında qeydə alınan nəticədən 3 dəfə və ya 8,1 milyard dollar çox deməkdir.
Gürcüstan və Ermənistanın Dövlət Statistika Komitələrinin, Azərbaycanın Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi rəqəmlərə görə, 2024-cü ilin I yarısında Azərbaycanın xarici ticarət dövriyyəsi (21,9 milyard dollar) digər iki ölkəni bir çox aspektdən qabaqlayıb.
Cari ilin ilk yarısında Gürcüstanın xarici ticarət dövriyyəsi Azərbaycanla müqayisədə iki dəfə az, yəni 10,3 milyard dollar təşkil edib. 2024-cü ilin ilk 5 ayında Ermənistanın xarici ticarət dövriyyəsi isə 16,3 milyard dollar olub.
Qeyd edək ki, Ermənistanın rəsmi dövlət qurumu I yarımil üzrə müvafiq göstəriciləri açıqlamadığı üçün müqayisə 2024-cü ilin ilk 5 ayı üzrə aparılıb.
Azərbaycan hesabat dövründə ixrac və idxal həcminin fərqindən yaranan müsbət saldo həcminə görə Cənubi Qafqaz ölkələrini geridə qoya bilib. Cari ilin ilk yarısında Azərbaycanın xarici ticarətindən yaranan saldo 4 milyard dollar təşkil edib. Gürcüstan və Ermənistanda isə mənfi saldo qeydə alınıb. 2024-cü ilin ilk altı ayında Gürcüstanda mənfi saldo 4,6 milyard dollar, Ermənistanda isə ilk 5 ayda 2,2 milyard dollar təşkil edib. Bu isə Cənubi Qafqazda yalnız Azərbaycanda ixrac həcminin idxal həcmindən çox olduğunu göstərir.
Cari ilin ilk yarımilində Azərbaycanın idxal etdiyi məhsulların 25,94%-i (2,3 mlrd $) Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə, 14,14%-i (1,25 mlrd $) Avropa İttifaqı (Aİ) ölkələrinə məxsus olub. Ölkəyə daxil olan məhsulların 59,93%-i (5,31 mlrd $) isə digər ölkələrdən gətirilib.
Gürcüstanın isə ilk 6 ayda idxal etdiyi məhsulların 26,54%-i (1,98 mlrd $) Aİ ölkələrinin, 20,7%-i (1,55 mlrd $) MDB ölkələrinin, 52,76 %-i (3,94 mlrd $) isə digər ölkələrin payına düşüb.
Ermənistanın cari ilin ilk 5 ayında idxal etdiyi məhsulların böyük hissəsi, yəni 70,42 %-i (6,53 mlrd $) MDB ölkələrinə məxsusdur. Aİ ölkələrindən gətirilən məhsulların həcmi idxalın 8,31%-ni (0,77 mlrd $) təşkil edib. İdxalın 21,27%-i (1,97 mlrd $) isə digər ölkələrin payına düşüb.
İxrac göstəricilərinə gəlincə, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında Aİ ölkələrinə ixrac həyata keçirən əsas ölkədir. Cari ilin ilk yarısında ixrac edilən məhsulların 56,4%-i (7,28 mlrd $) Aİ ölkələrinə, 6,2%-i (0,8 mlrd $) MDB ölkələrinə göndərilib. Digər ölkələrə göndərilən məhsullar isə ixracın 37,4%-ni (4,83 mlrd $) təşkil edib.
Gürcüstanın ixrac etdiyi məhsulların böyük hissəsi MDB ölkələrinə göndərilib. İlk 6 ayda MDB ölkələrinə ixrac olunan məhsulların həcmi ixracın 66,59%-ni (1,9 mlrd $) təşkil edib. İxracın 9,11%-i (0,26 mlrd $) Aİ ölkələrinin, 24,3%-i (0,69 mlrd $) isə digər ölkələrin payına düşüb.
Ermənistandan ixrac edilən məhsulların böyük hissəsi isə MDB və Aİ-yə daxil olmayan ölkələrə göndərilib ki, bu da ixracın 78,89%-nə (5,58 mlrd $) bərabər olub. İxracın 3,24%-i (0,23 mlrd $) Aİ ölkələrinin, 17,86%-i isə (1,26 mlrd $) MDB ölkələrinin payına düşüb.