Dünyadakı qlobal geosiyasi təlatümlərin, müharibələrin davam etdiyi şəraitdə Azərbaycanın yüksək kredit reytinqlərini, investisiya cəlbediciliyini qoruyub saxlaması, ilk növbədə, reallaşdırılan səmərəli islahatların, qanunverici-instutusional tədbirlərin nəticəsidir. Bu günlərdə “Fitch Ratings” agentliyinin Azərbaycan üçün açıqladığı proqnozlar ölkəmizin dinamik inkişaf yolunda olduğunun əyani göstəricisidir.
Agentlik Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəltdiyini, sabit perspektivlə qiymətləndirdiyini açıqlayıb. Qurum hesab edir ki, yüksəliş ölkənin güclü xarici balans hesabatını, davam edən cari hesab və fiskal profisitlərini, azalan xarici valyuta həssaslığını, aşağı dövlət borcunu və inkişaf edən monetar siyasəti əks etdirir.
Agentliyin proqnozuna əsasən, ölkə iqtisadiyyatında artım bu il 3,2, gələn il 2,7, 2026-cı ildə 2,3 faiz təşkil edəcək. İlin sonunadək Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsulun 98 fazinə yüksəlməklə, 74 milyard ABŞ dolları təşkil edəcək. Bu isə hökumətə iqtisadi inkişafın stimullaşdırılmasına xidmət edən tədbirləri inamla davam etdirmək, makroiqtisadi sabitliyi qorumaq, inflyasiyanı cilovlamaq imkanı yaradacaq.
Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları birbaşa xarici dövlət borcunu 7 dəfədən artıq üstələyir. Bu ehtiyatlar qlobal gərginliklər fonunda həm də maliyyə təhlükəsizliyi “çətiri” rolunu oynayır. Bir sıra region ölkələrindəki məzənnə tərəddüdləri fonunda manat sabit valyuta olaraq qalır və dəyərini qoruyur. Təsadüfi deyil ki, ilin müvafiq dövründə bankların dollara olan tələbinin ödənilməsində ciddi problem müşahidə edilməyib, əksinə dollarlaşma prosesi səngiyib.
Ölkəmizin investisiya reytinqinin yüksəlməsini təmin edən digər mühüm amil vergi mühitinin və inzibatçılığının sağlamlaşdırılmasıdır. Yaradılan şəffaf mühitin, qanunsuz yoxlamaların, bürokratik amillərin aradan qaldırılmasının nəticəsi olaraq ölkə üzrə vergi öhdəliklərinə könüllü əməletmə səviyyəsi 90 faizə çatıb.
Ötən illərdə kənd təsərrüfatı və emal məhsullarına ixracla bağlı geriödəmə dəstəklərinin verilməsi, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və s. mühüm məsələlər müsbət həllini tapıb. Görülən tədbirlərin nəticəsi olaraq, ölkədə qeyri-neft-qaz məhsulları ixracının iləbil artımı müşahidə edilir.
Biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlıq subyektlərinin fəaliyyəti üçün maksimum münbit şəraitin formalaşdırılması və digər tədbirlər ölkəmizin beynəlxalq investisiya reytinqinin yüksəlməsinə müsbət təsir göstərir.
Cənubi Qafqazda həyata keçirilən qlobal layihələrdən özünü təcrid edərək əhəmiyyətsiz ölkəyə çevrilən Ermənistandan fərqli olaraq, Azərbaycan hazırda dünyanın işgüzar dairələrinin maraq dairəsindədir.
İnvestisiya reytinqinin yüksəlməsi ölkəyə sərmayə qoyuluşlarına da etibarlı zəmin yaradır. Azərbaycan Prezidenti İlham Əliyev xarici səfərləri və iştirak etdiyi mühüm beynəlxalq tədbirlər zamanı ölkəmizin malik olduğu iqtisadi-maliyyə potensialı, investisiya imkanları barədə də geniş məlumat verir, əcnəbi iş adamlarını sərmayə qoyuluşlarına dəvət edir. Bu açıqlamalar bir tərəfdən ölkəmizin keçdiyi sürətli tərəqqi yolu, əldə etdiyi makroiqtisadi uğurlar barədə dolğun təsəvvür yaradır, digər tərəfdən qlobal təsərrüfat sistemində xüsusi yeri olan şirkətlərin, biznes qurumlarının rəhbərlərini əlverşli biznes mühiti barədə məlumatlandırır.
MTM Analitik Qrup