“AZƏRBAYCANIN QƏRB BÖLGƏSİNİN MƏDƏNİ İRSİ: ARXEOLOJİ TƏDQİQATLAR VƏ PERSPEKTİVLƏR” ADLI ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Ağstafa Rayon İcra Hakimiyyətinin, AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanın qərb bölgəsinin mədəni irsi: arxeoloji tədqiqatlar və perspektivlər” adlı elmi-praktik seminar keçirilib.

Elmi-praktik seminarın keçirilməsində əsas məqsəd Azərbaycanın qərb bölgəsində aparılmış elmi-tədqiqat və arxeoloji qazıntıların nəticələrinin ictimaiyyətin diqqətinə çatdırılmasıdır.

Elmi-praktik seminarda iştirakçılar Ağstafa rayon Heydər Əliyev Mərkəzində qurulmuş, qoruq ərazisində aşkarlanmış maddi-mədəniyyət nümunələrindən ibarət sərgi, o cümlədən fraqmentləşmiş halda aşkarlanmış artefaktların qoruq əməkdaşı tərəfindən bərpa edilməsi prosesi ilə tanış olub.

Daha sonra “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev seminarı açıq elan edərək sözü məruzəçilərə verib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti adından Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli, AMEA Arxeologiya və Antropologiya İnstitutu adından İnstitutun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev iştirakçıları salamlayaraq seminarın işinə uğurlar arzu ediblər.

Qoruq ərazisindən aşkarlanmış maddi-mədəniyyət nümunələrinin dəqiq yaşının müəyyənləşdirilməsi üçün hal-hazırda Türkiyədə radiokarbon analizi ilə məşğul olan mütəxəssis, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Abidələri və Muzeylər Baş İdarəsinin Ərzurum Bərpa və Konservasiya Bölgə Laboratoriyasının əməkdaşı Züleyha Gizem Özer onlayn şəkildə seminara qoşularaq analiz işlərinin gedişatı barədə seminar iştirakçılarına məlumat verib.

Seminarda bölgəmizdə, o cümlədən qoruq ərazisində arxeoloji qazıntı və elmi tədqiqat işləri aparmış, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov, Bakı Dövlət Universitetinin Qazax filialının əməkdaşı, filologiya elmləri doktoru Valeh Nəsibov, Bakı Dövlət Universitetinin Qazax filialının baş müəllimi, əməkdar tarix müəllimi İndira Səmədova öz məruzələri ilə çıxış ediblər.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov onlayn şəkildə seminara qoşularaq məruzə etmişdir.

Seminarda “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rəhbərliyi və əməkdaşları, “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rəhbərliyi və əməkdaşları, Dövlət Xidmətinin Gəncə Regional Bölməsinin əməkdaşları, Tovuz, Qazax, Ağstafa rayonları üzrə tarix-diyarşünaslıq muzeylərinin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının əməkdaşları, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil sektorunun əməkdaşları və Ağstafa rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin tarix müəllimləri iştirak ediblər.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların elmi işçiləri də onlayn seminara qoşularaq məruzələri dinləyib və suallarını ünvanlayıblar.