ABŞERON YARIMADASININ BƏZİ YERLƏRİNDƏ QISAMÜDDƏTLİ YAĞIŞ YAĞACAĞI, ŞİMŞƏK ÇAXACAĞI EHTİMALI VAR

Azərbaycanda iyulun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, səhərdən arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 28-32° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 757 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60, gündüz 70-75 faiz təşkil edəcək.

İyulun 27-də Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, səhərdən arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 24-25°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıxda 25-26° isti olacaq.

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 30-35° isti, dağlarda gecə 12-17°, gündüz 17-22° isti olacağı bildirilir.