Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatı ölkə üzrə vahid Elektron Sənəd Dövriyyəsi (ESD) sisteminə qoşulub. Bu, AMEA-da elektron hərəkat çərçivəsində həyata keçirilən silsilə tədbirlərin davamıdır.
Akademiyadan bildirilib ki, qısa müddətdə AMEA Rəyasət Heyəti aparatının, elmi müəssisə və təşkilatlarının, regional bölmələrinin və elmi mərkəzlərinin internet infrastrukturunun yenilənməsinə və müasir kompüterlərlə təchizat prosesinə start verilib, eləcə də sənəd mübadiləsinin təhlükəsiz qaydada aparılması üçün zəruri digər tədbirlər həyata keçirilib. Bu məqsədlə artıq AMEA Rəyasət Heyəti aparatında internet infrastrukturu tamamilə yenilənib və müasir kompüter avadanlıqları ilə təchiz edilib.
Proses zamanı AMEA Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin təşkilatçılığı ilə AMEA əməkdaşları üçün “ASAN xidmət” tərəfindən ESD-dən istifadəyə dair təlimləri keçirilib, həmçinin sözügedən sistem ilkin olaraq test rejimində əməkdaşların istifadəsinə verilməklə onların praktiki vərdişləri təkmilləşdirilib.
AMEA Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsi akademiya daxilində təlimləri və elektron sənəd dövriyyəsi işinin tənzimlənməsini həyata keçirir.