FAKTİKİ HAVA: BƏZİ ÇAYLARDAN SEL KEÇİB

Milli Hidrometeorologiya Xidmətinin iyulun 25-i saat 10:00-a olan məlumatına görə, öncədən xəbər verildiyi kimi, gündüz dağlıq ərazilərdən başlayaraq hava şəraiti dəyişib, əksər rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında da gecə saatlarından başlayaraq arabir yağış yağıb, şimşək çaxıb. Yarımadanın bəzi yerlərində yağıntılar intensivləşib. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 11, Balakən-Şəki bölgəsində 62, Lənkəran-Astara bölgəsində 55, Mərkəzi Aran bölgəsində 39, Quba-Qusar bölgəsində 33, Qarabağ bölgəsində 30, Dağlıq Şirvan bölgəsində 26, Naxçıvan Muxtar Respublikasında 13, Gəncə-Qazax bölgəsində isə 11 millimetrədək təşkil edib.

İyulun 25-də gecə və səhər saatlarında Şəki rayonu ərazisindən axan Kişçaydan, Qəbələ rayonu ərazisindən axan Göyçaydan, Dəmiraparançaydan, İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan və Quba rayonu ərazisindən axan Qudyalçaydan sel keçib.