AZƏRBAYCAN VASİTƏSİLƏ MƏRKƏZİ ASİYA VƏ AVROPA ARASINDA YENİ BEYNƏLXALQ NƏQLİYYAT MARŞRUTU YARADILIR

Bu il ərzində Azərbaycan, Türkmənistan, Gürcüstan və Rumıniya “Xəzər dənizi-Qara dəniz” beynəlxalq nəqliyyat marşrutunun yaradılmasına dair dördtərəfli hökumətlərarası saziş imzalayacaqlar. Türkmənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, bununla bağlı Buxarestdə Rumıniyanın Nəqliyyat Nazirliyinin dövlət katibi Adrian Georq Foqis ilə Türkmənistanın xarici işlər nazirinin müavini Əhməd Qurbanov arasında danışıqlar aparılıb.
“Xəzər dənizi – Qara dəniz” beynəlxalq nəqliyyat marşrutu Rumıniyanın Konstansa, Gürcüstanın Poti, Azərbaycanın Bakı və Türkmənistanın Türkmənbaşı dəniz limanlarının imkanlarına, habelə Konstansa limanı ilə Dunay çayı, daha sonra isə daxili çaylar arasında birbaşa əlaqəyə əsaslanır. Marşrutun mümkün qədər tez istifadəyə verilməsi Avropa ölkələrinin, xüsusən də Rumıniyanın maraq dairəsindədir. Bu təchizat marşrutunun işləmə mexanizmi aşağıdakı kimidir: yüklər Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Bakıya çatdırılır, daha sonra dəmir yolu ilə Gürcüstanın Batumi və ya Poti limanlarına ötürülür. Oradan isə Qara dəniz vasitəsilə Rumıniyaya, buradan Avropanın digər nöqtələrinə çatdırılır.
Yeni marşrut “Global Gateway” təşəbbüsünün də həyata keçməsinə mühüm töhfə olacaq. Sözügedən təşəbbüs 2021-ci ilin dekabrında Avropa Komissiyası tərəfindən irəli sürülmüş yeni Avropa strategiyasıdır. Onun əsas məqsədi dünyanın müxtəlif yerlərində ticarət, nəqliyyat, rəqəmsal texnologiyalar və enerji sahələrində layihələrə investisiyalar yatırmaq, qarşılıqlı əlaqələri inkişaf etdirmək, həmçinin bütün dünyada səhiyyə, təhsil və tədqiqat sistemlərini gücləndirməkdir.
Hazırda Avropa İttifaqının gündəminin ən mühüm istiqamətlərindən biri Rusiya-Ukrayna münaqişəsi nəticəsində yaranmış enerji böhranının aradan qaldırılmasıdır. Qeyd olunan kontekstdə Avropa İttifaqı alternativ enerji təchizatçıları axtarışını davam etdirir. Bu baxımdan Mərkəzi Asiya həm zəngin enerji ehtiyatları, həm də Orta Dəhliz üzrə təhlükəsiz, qısa və ucuz marşrut baxımından yaranan əlverişli çıxış imkanları ilə Qərbdə xüsusi diqqət mərkəzində yer alır. Mərkəzi Asiyanın enerji resurslarının Avropaya nəqlində isə Azərbaycan əsas tranzit məkan kimi böyük önəm kəsb edir. Bura karbohidrogen resursları, eləcə də “yaşıl enerji” də daxildir.
Bununla yanaşı, Türkmənistan qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə, buradan da Avropaya tədarükü Qərbdə hələ də maraq dairəsində yer alır. Məsələnin maliyyə tərəfi həll ediləcəyi təqdirdə bu layihə də tezliklə reallaşa bilər. Buna qədər isə müxtəlif nəqliyyat dəhlizlərinin həyata keçirilməsi əsas diqqət mərkəzində yer almaqda davam edəcək.
Hələlik isə Rusiya-Ukrayna münaqişəsi ilə bağlı Şimal dəhlizində yaranan problemləri nəzərə alsaq, Orta Dəhlizdən daha səmərəli istifadə olunmasının Avropa üçün xüsusi əhəmiyyətli olduğunu görmək olar. “Xəzər dənizi-Qara dəniz” beynəlxalq nəqliyyat marşrutu Şərq-Qərb xəttinin, Orta Dəhlizin daha bir mühüm tərkib hissəsi olacaq. Azərbaycan da bu marşrutun əsas iştirakçıları sırasında yer alacaq.


MTM Analitik Qrup