CO BAYDENİN PREZİDENTLİYİ ABŞ-IN SUPER GÜCÜNƏ KÖLGƏ SALIR

ABŞ-da keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı Co Baydenin öz namizədliyini geri götürməsi gözlənilən idi. Bu vəziyyəti şərtləndirən əsas məsələ Baydenin dövlət başçısı kimi öz vəzifəsini icra edə bilməməsi, ictimaiyyət arasında qeyri-adekvat hərəkətlər etməsi, daha çox məzhəkə obyektinə çevrilməsidir. Beynəlxalq rəydə ABŞ prezidentinin bu imici haqqında birmənalı rəy formalaşıb və bu rəy Birləşmiş Ştatların dünyanın supergüclü dövlət anlayışı ilə bir araya sığmır.

Co Baydenin ABŞ prezidentliyinə namizədliyini geri götürməsi demokratların siyasi fəaliyyətində bir sıra problemlərin yaranacağını istisna etmir. Bu daha çox yalançı sülh vədləri ilə həm ölkə, həm də beynəlxalq ictimai rəydə demokratlara etimadın azalması ilə bağlıdır. Bu baxımdan Ukrayna-Rusiya cəbhəsində Qərbin maraqlarının təmini baxımından heç bir irəliləyişin olmaması demokratlara qarşı formalaşan koalisiyanın əsas arqumentini təşkil edir.

Prezidentliyə əsas namizədlərdən olan Donald Trampa edilən sui-qəsd cəhdi də Co Baydenin əleyhinə işlədi. Bu hadisə Baydenin seçkidə qələbə qazanmayacağı ilə bağlı arqumentləri daha da gücləndirdi. Vəziyyətdən çıxış yolu kimi demokratların vitse-prezident Kamilla Harrisin namizədliyini irəli sürməsi də heç nəyi dəyişməyəcək. Bəlkə də başqa vaxt olsaydı Amerika tarixinin ilk qadın prezidenti olmaq uğrunda Kamilla Harris ciddi uğurlar əldə edə bilərdi. Lakin indiki vəziyyətdə bu da onun köməyinə gəlməyəcək.

Donald Tramp qələbə çalacağı təqdirdə Ukrayna-Rusiya müharibəsində müəyyən nəticələrin əldə edilməsi proqnozlaşdırıla bilər. Tramp özü də dəfələrlə deyib ki, müharibənin dayandırılması üçün əlindən gələni edəcək. Amma bu, heç də Rusiya və Çinlə münasibətlərdə Birləşmiş Ştatların siyasətinə ciddi təsir göstərməyəcək. Təsadüfi deyil ki, Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Robert Obrayen bəyan edib ki, şefi seçkilərdə qalib gələcəyi təqdirdə nüvə sınaqlarına yenidən start verəcək.

Trampın nüvə sınaqları ilə bağlı təşəbbüsü ilk növbədə Rusiya və Çinin bu sahədə xeyli irəli getməsi, öz nüvə arsenallarını müasirləşdirməsi ilə bağlıdır. ABŞ prosesdən kənarda qala bilməz. Ona görə də 1992-ci ildən keçən dövr ərzində verilən fasilə çox güman ki, Donald Trampın prezidentliyi dövründə aradan qaldırılacaq. Bundan əlavə, Donald Trampın Çin mallarına əlavə gömrük rüsumlarının tətbiqi ilə bağlı qərar verəcəyi də bildirilir. Sırada ABŞ-ın Tayvana dəstəyinin artırılması da var.

Media Təhlil Mərkəzinin (MTM) Analitik Qrupu