Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Layiqli əmək üzrə Texniki Dəstək Qrupunun müəssisələrin inkişafı və yaşıl iş yerləri üzrə baş mütəxəssisi Kristina Martinezlə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlarda BƏT-lə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdırıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, o, ötən dövrdə Azərbaycanın BƏT-in 60-dək Konvensiyasına qoşulduğu, BƏT-lə birgə Layiqli Əmək üzrə iki Ölkə Proqramının uğurla icra edildiyi, növbəti Layiqli Əmək üzrə Ölkə Proqramı layihəsinin hazırlandığını qeyd edib.
Azərbaycanın bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi vurğulanıb. COP29-un BƏT-in gündəliyini daha irəli aparmaq üçün də önəmli platforma olacağı bildirilib.
K.Martinez Azərbaycanın BƏT-lə fəal əməkdaşlığının, uğurlu birgə layihələrin BƏT tərəfindən rəğbətlə qarşılandığını bildirib.
Görüşdə ətraf mühitin dayanıqlığına doğru genderə həssas ədalətli keçidin təşviqi məsələlərinə, COP29-a hazırlıq və təcrübələrin paylaşılması üçün sosial dialoqun təşviqi istiqamətində tərəfdaşlığın və əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.