Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurası Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro həcmində yardım ayrılmasını təsdiqləyib. Bununla bağlı yayılan məlumatda bildirilir ki, ayrılan vəsait Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki potensialının artırılmasına, mülki əhalinin böhran və fövqəladə vəziyyətlərdə müdafiəsinin yaxşılaşdırılmasına yönəldiləcək. Bu, Avropa İttifaqının rəsmi səviyyədə Ermənistanın silahlandırılmasına başlaması deməkdir.
Xatırlayırıqsa bir müddət əvvəl Macarıstan alyans çərçivəsində razılaşdırılmış Avropa İttifaqı Sülh Fondundan Ermənistana 10 milyon avro məbləğində dəstək verilməsi layihəsini bloklamışdı. Bu isə ittifaq daxilində yeni siyasi skandala gətirib çıxarmışdı. Diplomatik mənbələr xəbər verirdi ki, Macarıstan blokun aradan qaldırılması üçün müzakirə olunan proqrama Azərbaycanın da daxil edilməsini tələb edir. Bu qərar da birincisi, Macarıstanın bir sıra dövlətlərin əlində alət olmaq istəməməsindən, ikincisi də Macarıstan liderinin hər şeydən öncə öz xalqının və dövlətinin maraqlarını qorumasından irəli gəlirdi. Çünki Viktor Orban tez-tez Avropa İttifaqının büdcəsindən Ukraynaya ayrılan maliyyə yardımlarının ciddi problemlər yaradıcığından, konkret olaraq macar xalqının bu yardımların başqa ölkələrin silahlandırılmasına və yaxud da özünümüdafiəsinə xərclənməsindən narahat olduğunu bildirirdi. O, qətiyyətlə deyirdi ki, bir müddət sonra dövlətlərin iqtisadi potensialında ciddi boşluqlar yaranacaq və bu, sonradan defolta qədər gedib çıxa bilər. Lakin ittifaq daxilində Macarıstanın etirazları az eşidiləndə və yaxud da onun çağırışları qulaqardına vurulanda o zaman Viktor Orban blok amilinə əl atdı. Konkret olaraq Ukrayna məsələsində vəziyyət həddən artıq kritik idi. Hətta Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komisarı Cozep Borell bloklanmanı dayandırmadığı təqdirdə Budapeşti ittifaq sıralarından çıxarmaqla hədələyirdi.
Görünür, indiki halda Budapeştin tətbiq etdiyi blok məsləsi birtərhər həll olunub və Avropa İttifaqının Ermənistana ayırdığı vəsaitin məhz bu ölkənin silahlandırılmasına yönəlməsi regionda yeni problemin yaranmasına gətirib çıxaracaq. Rəsmi Bakı haqlı olaraq bildirir ki, “Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətində atılan addımlardan sonra, Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir. Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır”.
Buradan da görünür ki, Azərbaycan Ermənistanın silahlandırılması ilə bağlı bütün addımlara qarşı çıxır, bunun bölgədə yeni risklər yaratdığını, regionda sülh və təhlükəsizliyi təhdid etdiyini hiss edir. Bu vəziyyəti yaradan isə kənar qüvvələrdir. Qərbin Ermənistanın silahlandırılmasına hesablanmış addımları daha çox Rusiyaya yönəlsə də Azərbaycan da risklərdən kənarda qalmır. Bütün hallarda 30 il Azərbaycanla münaqişə tərəfi Ermənistan olub və onun işğal siyasətinin ağır nəticələrini hərbi yolla aradan qaldıran Bakı indi yeni eskolasiya riskləri ilə üz-üzə qalmaq istəmir. Ona görə də Prezident İlham Əliyev bir müddət əvvəl ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında xüsusi vurğulamışdı ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir. Deməli, rəsmi Bakının xarici siyasət kursunda əsas istiqamətlərdən biri də həmin ayırıcı xətləri zərərsizləşdirməkdir ki, bu məsələdə Azərbaycan öz dostlarının potensialından istifadə edir.
Problemin nə cür həll olunacağını zaman göstərəcək. Lakin bilinən odur ki, Bakı da öz dostlarının köməyi ilə təzyiq siyasəti yürüdən Qərbin bu cür addımlarının qarşısını almaqda davam edəcək. Digər tərəfdən Ermənistan ordusunda modul tipli səhra düşərgəsinin yaradılması və tibbi yardım klinikasının qurulması adı altında bu ölkənin silahlandırılmasına yönələn addımlar elə də asanlıqla baş tutmayacaq.
MTM Analitik Qrup