AZƏRBAYCANDA PALEOLİT DÖVRÜNƏ AİD YENİ TAPINTI YERİ AŞKAR OLUNUB

AMEA Arxeologiya və Antropologiya İnstitutunun paleolit arxeoloji ekspedisiyasının Qazax və Ağstafa rayonu ərazisində apardığı kəşfiyyat işləri zamanı “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində, Candar gölündən 950 metr cənubda, dəniz səviyyəsindən 320 metr yüksəklikdə Paleolit dövrünə aid yeni tapıntı yeri aşkar olunub.

Orta Paleolit dövrünə aid daş məmulatlarının aşkar olunduğu ərazi, şərti olaraq “Candar göl paleolit tapıntı yeri” kimi qeydə alınıb.

Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədovun sözlərinə görə, tapıntılar qəlpələrdən, lövhələrdən və nukleuslardan ibarətdir.

“Tapıntıların arasında daha çox diqqəti cəlb edən levallua nukleusun və levallua qəlpənin olmasıdır. Bunlar onu göstərir ki, biz Orta Paleolitin kifayət qədər inkişaf etmiş mərhələsinə aid paleolit tapıntı yerini aşkar etmişik”, – deyə Y.Məmmədov bildirib.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurovun, aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalovun iştirakı ilə aparılan tədqiqatlarda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da yaxından iştirak edirlər.