Cənubi Qafqazda barış mühitinin hökm sürməsi, regionun bütün ölkələri arasında genişmiqyaslı əməkdaşlıq münasibətlərinin qurulması Azərbaycan xarici siyasətinin əsas hədəflərindən biridir. İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabr ayında birgünlük antiterror tədbirlərindən sonra ölkəmizin ərazi bütövlüyünün və suvernliyinin tam təmin edilməsi ilə bunun üçün daha əlverişli zəmin yaranıb. Bütün bunlardan irəli gəlir ki, Ermənistan ölkəmizə münasibətdə siyasətində əhəmiyyətli korrektələr etməli olub, sülh danışıqları da Azərbaycanın beynəlxalq hüquqa əsaslanan yanaşmalarını tədricən qəbul edib. Lakin İrəvanın atacağı digər addımlar da var ki, onlar nəhayət, iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanması ilə nəticələnəcək. Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirakçıların suallarını cavablandırarkən bir daha Ermənistanın yekun sülh üçün hansı fəaliyyətləri həyata keçirməli olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Sülh sazişinin mətninin 80-90 faizi razılaşdırıldığını deyən dövlət başçısı yekun sülh üçün iki məqama xüsusi diqqət çəkdi: “Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin… Növbəti şərt odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Bizim onların daxili işlərinə hər hansı bir müdaxilə etmək niyyətimiz yoxdur. Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil”.
Konstitusiya dəyişikliyi üçün Ermənistanın müəyyən vaxta ehtiyacı olsa da, Minsk qrupu ləğvi məqsədilə nə zamana, nə də digər hansısa zərurətə ehtiyac var. Ermənistan hakimiyyəti, sadəcə, özündə iradə taparaq bu məsələdə Azərbaycanla birlikdə fəaliyyət həyata keçirməlidir.
Konstitusiyaya gəlincə, Azərbaycan yenə ən yüksək səviyyədə bəyan edir ki, Ermənistanın daxili işlərinə hər hansı formada müdaxilə etmir və bundan ümumiyyətlə, söhbət gedə bilməz. Ancaq bu ölkənin konstitusiyasında istinad edilən və 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyasında qəbul olunan Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı konkret ərazi iddiası yer alır. Təbii ki, bu, sülh yolunda ən böyük maneələrdən biridir və Ermənistanın sözügedən iddiasını aradan qaldırmayana, yəni konstitusiyasında müvafiq dəyişiklik etməyənə qədər barışdan danışmaq, müvafiq müqaviləni imzalamaq qeyri-mümkündür.
Beləliklə, Azərbaycan yekun sülh üçün konkret mövqeyini ortaya qoyur, Ermənistanın müvafiq addımlar atmasını istəyir. Özü də bu yanaşma beynlxalq hüquqa, ədalətə əsaslanır, Ermənistanın daxili işlərinə hansısa formada müdaxiləni nəzərdə tutmur. Sülhə sadiq qalan Azərbaycan Ermənistanda konstitusiya ilə bağlı dəyişikliyin müəyyən zaman aparacağını da nəzərə alaraq, barışa xidmət edən digər təşəbbüs də irəli sürür. Məsələn, Azərbaycan Ermənistana hələ tammiqyaslı sülh müqaviləsi bağlamamışdan əvvəl mehriban qonşuluq münasibətlərinin əsas prinsiplərini razılaşdırmağı təklif edir.
Bütün bunlar Aərbaycanın barış prosesində nə dərəcədə maraqlı olduğunu bir daha nümayiş etdirir və Ermənistanın adekvat reaksiya sərgiləyəcəyi təqdirdə sülh müqaviləsinin yekun mətninin imzalanması qısa zaman kəsiyində reallaşa bilər. Bunun üçün Ermənistanın atmalı olduğu vacib addımlardan biri Zəngəzur dəhlizinin açılmasını tezləşdirmək, həmçinin, Qərbi Azərbaycandankı, indiki Ermənistan ərazisindəki ata-baba yurdlarından zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnu təmin etməkdir. Soydaşlarımızın Qərbi Azərbaycana qayıdışının təmin olunması iki ölkə arasında etimad mühitinin formalaşması və möhkəm özüllər üzərində qurulmasını təmin etməklə yanaşı, Ermənistanın üzləşdiyi demoqrafiya probleminin də aradan qaldırılmasına mühüm töhfə olardı.
MTM Analitik Qrup