ŞKTC DİPLOMATI: AZƏRBAYCANIN MARAQLARINA ZƏRƏR VURAN HƏR HANSI ADDIMIN ƏLEYHİNƏYİK

Azərbaycanla münasibətlərdə lazımi şərait yarandığında Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) hakimiyyət orqanları ikitərəfli münasibətlərin inkişafı istiqamətində daha mühüm addımların atılacağına əmindir. Bu sözləri ŞKTC-nin Ankaradakı səfiri İsmet Korukoğlu Türkiyənin “Cumhuriyet” qəzetinə müsahibəsində deyib.

Diplomatik nümayəndəliyin rəhbəri son illər Lefkoşa ilə Bakı arasında dialoqda ciddi irəliləyişlərin əldə olunduğunu qeyd edib.

“Biz Bakının Lefkoşa ilə dialoq istiqamətində Azərbaycanın maraqlarına zərər vuran hər hansı addımın əleyhinəyik”, -deyə diplomat vurğulayıb.

Onun sözlərinə görə, ŞKTC-nin təkcə Azərbaycanla deyil, bir sıra başqa ölkələrlə də münasibətlərində ciddi dönüşün baş verəcəyi gözlənilir.

Diplomat dünya ictimaiyyətinin Kiprdəki vəziyyətə münasibətini kökündən ədalətsiz adlandırıb. “Artıq onilliklərdir ki, yunan Kipri bir dövlət kimi qəbul edilir, türklər isə yalnız bir toplumdur. Türk Kiprinin inkişafının qarşısına əngəllər qoyulur. Təcrid rejiminə görə idmançılarımız beynəlxalq yarışlarda iştirak etmirlər. Şimali Kiprə birbaşa beynəlxalq uçuşlar yoxdur. Biz ŞKTC-nin iqtisadi potensialını tam olaraq ortaya qoya bilmirik”, – deyə Korukoğlu bildirib.

Diplomat, həmçinin Avropa İttifaqının Kiprlə bağlı siyasətinin yanlış olduğunu qeyd edib. O deyib: “Aİ Kipr problemini həll etmədən yunan Kiprini İttifaqa üzv qəbul etməklə öz prinsiplərini inkar etmiş oldu”.