Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında siyasi dialoqdan məmnunluq ifadə olunub.
Petr Fiala Azərbaycan ilə Çexiya arasında münasibətlərin strateji xarakter daşıdığını, əlaqələrimizin çox möhkəm təməllər əsasında qurulduğunu bildirib. Qeyd edib ki, Çexiya Azərbaycan ilə münasibətləri bundan sonra da inkişaf etdirmək niyyətindədir.
Azərbaycan-Çexiya əlaqələrinin dinamik surətdə inkişaf etdiyini deyən dövlətimizin başçısı münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluğunu bildirib.
Görüşdə Azərbaycan ilə Çexiya arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Hazırda Azərbaycan neftinin Çexiyaya ixrac edildiyi, həmçinin qaz sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu vurğulanıb. Azərbaycan qazının artıq Çexiyanın qonşu ölkələrinə ixracının təmin edildiyi bildirilərək, Çexiyaya ixrac üçün də yaxşı imkanların olduğu qeyd edilib.
Söhbət zamanı iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, Çexiya şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunulub, siyasi, iqtisadi, ticarət, investisiyalar sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edən Petr Fiala dəvətə görə təşəkkürünü bildirib və bu tədbirdə məmnunluqla iştirak edəcəyini vurğulayıb.