Sözdə Azərbaycanla münasibətlərini normallaşdırmağa, sülh sazişini imzalamağa hazır olduğunu bəyan edən Ermənistan əməldə tamam fərqli mövqe nümayiş etdirir. Görünən odur ki, müəyyən xarici güclərin əlində vasitə olaraq qalmaqda davam edən Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil və bunu həm də kənar qüvvələrin diqtəsi ilə edir.
Qeyd edilməlidir ki, İkinci Qarabağ müharibəsindən sonra daha çox ikitərəfli əsasda aparılan danışıqlar konkret nəticələr vermişdi. Azərbaycanla Ermənistan arasında məhz ikitərəfli əsasda aparılan danışıqlar nəticəsində ötən ilin 7 dekabr tarixində olduqca mühüm nəticəyə imza atıldı. Həmin vaxt humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan 32 erməni hərbçini azad etdi, onların Ermənistana qaytarılması təmin olundu. 2 azərbaycanlı hərbçi də erməni əsirliyindən azad edildi. Bununla yanaşı, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəklədi. Yenə xoş niyyətin təzahürü olaraq, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyinə dəstək verdi.
Bundan sonra ikitərəfli əsasda aparılan danışıqlarda əldə olunan daha bir möhtəşəm uğur sərhədlərin delimitasiyası ilə bağlı oldu. Azərbaycanın Qazax rayonunun inzibati ərazisinə daxil olan dörd kənd ölkəmizin nəzarətinə geri qaytarıldı. Bütün bunlar və aparılan son danışıqlar sülhə ümidləri artırdığı bir vaxtda Ermənistan yenidən barışa xələl gətirən addımlar atmağa başlayıb. Hazırda sülhə xələl gətirən kənar müdaxilələr də sırf Ermənistan vasitəsilə həyata keçirilir.
Revanşizmə meyllənməsi, kənar qüvvələrin təsiri ilə Ermənistan Azərbaycanla yüksək səviyyədə ikitərəfli təmaslardan yayınır. Bu, Avropa Siyasi İcmasının 4-cü Zirvə toplantısı kontekstində özünü bir daha büruzə verdi. Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Azərbaycan Prezidenti ilə görüşdən yayınması rəsmi İrəvanın sülhdən qaçdığını göstərdi. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev isə məsələ ilə bağlı bildirib: “Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi ilə çıxış edilmişdir və bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu. Belə ki, Münxen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu. Amma Ermənistan tərəfi bundan imtina etdi”.
Qeyd edilməlidir ki, Avropa Siyasi İcması çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüş təcrübəsi mövcuddur. Qurumun Praqada və Kişnyovda baş tutan sammitlərində müvafiq görüş keçirilib, Qranadada isə sərgilənən anti-Azərbaycan mövqeyi səsbindən rəsmi Bakı bundan imtina edib. Bundan sonra ikili formatların daha məqbul xarakter daşıdığı bir daha təsdiqləndi və Münxen Təhlükəsizlik Konfransında bunun real təzahürü özünü qabarıq formada büruzə verdi. Amma indi Ermənistan bu effektiv formatdan imtina edir və burada Fransanın əlinin olması da istisna deyil.
Ermənistanın Fransa və digər qüvvələrin təsirindən xilas olaraq heç bir vasitəçi olmadan Azərbaycanla danışıqlar aparması sülhün əldə edilməsinə gedən ən qısa yoldur. Rəsmi İrəvan nəzərə almalıdır ki, məhz ikitərəfli danışıqlar daha nəticəyönümlüdür. Sülhdən qaçmaq isə Ermənistanın özünü bundan sonra da çoxsaylı problemlər yaradacaq.
MTM Analitik Qrup