ERMƏNİ YEPARXİYASININ XARİCDƏKİ NÜMAYƏNDƏLƏRİNİN QIRMIZI NÖMRƏLƏRİ ƏLLƏRİNDƏN ALINDI

Ermənistan hakimiyyəti erməni kilsə xadimlərindən diplomatik nömrələrin alınmasına qərar verib. İlk addım Gürcüstanda atılıb və bu ölkədəki erməni yeparxiyasında olan avtomobillərdən qırmızı nömrələr kütləvi şəkildə müsadirə edilib. Bu, Ermənistan hakimiyyətinin kilsəyə yönələn ilk belə tədbiri deyil. Bundan əvvəl də müyyən tədbirlər görən Nikol Paşinyanın məqsədi erməni kilsəsinin dövlət siyasətinə və ictimai fikrə təsir imkanlarını aradan qaldırmaqdır.
Bir müddət əvvəl baş nazir Nikol Paşinyan erməni kilsəsini “ictimai fikrə ən böyük təsir agenti” adlandıraraq demişdi ki, yaxın zamanlarda bu problem aradan qaldırılacaq. Bu bəyanat tarix boyu erməni məsələsi adı altında qonşularla düşmənçilik siyasəti yürüdən, həm Türkiyə, həm də Azərbaycanla siyasi problemlərin əsasını qoyan, erməni millətçiliyini təbliğ edən, erməni xalqının mənfur ideoloji sisteminin nüvəsində duran kilsənin gələcək fəaliyyətinin tamamilə dövlət nəzarətinə keçirilməsi məqsədi daşıyırdı. Çünki Qriqoryan kilsəsi erməni terrorizminin ideoloji əsaslarını formalaşdırıb, onun təşkilatlanmasında mühüm rol oynayıb. Kilsə həm də erməni terrorizminin maliyyə imkanlarının təmin olunmasında hər zaman əhəmiyyətli qüvvə kimi çıxış edib. O, bütün dövrlərdə erməni millətçiliyinin və separatizmin inkişafına güclü dəstək verib. Ötən əsrin 90-cı illərində Qarabağda başlayan separatçılıq da Eçmiədzindən idarə olunurdu. Onlar Azərbaycan torpaqlarının 20 faizinin işğalına nail olduqdan sonra bu ərazilərə dünyanın müxtəlif yerlərindən ermənilərin köçünü təşkil edirdi.
Nikol Paşinyan etiraf edir ki, erməni kilsəsi həmişə öz maraqlarını erməni xalqından üstün tutub. Əgər belə olmasaydı o zaman Ermənistan parlamentinin spikeri Alen Simonyanın da vurğuladığı kimi, “kilsə diasporadan pul yığıb, şam, “coca-cola”, şərab satıb, restoranlara sahib olub” vergidən yayınmazdı. İndi Ermənistanda başa düşürlər ki, kilsə tarix boyu erməni xalqının duyğuları və tarixi ilə oynayıb və bu siyasətə son qoymaq vaxtı çatıb. Ona görə də yüz illərdir erməni xalqına əllərini öpdürən din xadimləri də artıq vergi ödəyicilərinə çevriləcəklər. Təbii ki, bu prosesə etirazlar oldu. Lakin “Vətən Uğrunda Tavuş” hərəkatının və onun lideri Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilən etiraz aksiyaları göstərdi ki, erməni xalqı dindarlara inanmır və revanşistlərlə əməkdaşlıq edən Eçmiədzin yetişdirmələri cəmiyyətdə böyük nüfuza malik deyil.
Kilsənin Ermənistanın dövlət siyasətindən kənarlaşdırılması ilk növbədə xalqın Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinə etimadını gücləndirəcək. Çox güman ki, iqtidar bu istiqamətdə daha təsirli addımlar atacaq, çürük ideoloji çərçivələrdən imtina qonşularla əlaqələrin yaxşılaşmasına, regionda əməkdaşlıq ruhunun bərpasına gətirib çıxaracaq. Kilsəyə verilən dərs həm də diasporanın Ermənistan iqtidarının fəaliyyətinə təsir və təzyiq imkanlarını azaldacaq.

MTM Analitik Qrup