MTM (Media Təhlil Mərkəzi) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında dövlət qulluqçuları ilə bağlı təhlil aparıb. Son 10 il ərzində dövlət qulluqçularının sayının ən yüksək həddi 2016-ci ildə qeydə alınıb ki, həmin il onların sayı 30 123 nəfər təşkil edib.
2024-cü il yanvarın 1-nə olan nəticələrə görə isə ölkədə 27 136 dövlət qulluqçusu var və bu say 2023-cü il yanvarın 1-nə olan göstəricilərlə müqayisədə cəmi 0,01% və ya 3 nəfər azdır.
Son 10 ildə dövlət qulluqçularının gender tərkibinə baxsaq, üstünlüyün hər il böyük fərqlə kişi dövlət qulluqçularında olduğunu görərik. Dövlət qulluqçularının 70%-dən çoxunu kişilər, 27-29%-ni isə qadınlar təşkil edib. Qadınların sayı 2021-ci ildə ən aşağı həddə olub. Həmin il ümumi dövlət qulluqçularının cəmi 27,5%-ni (7335 nəfər) qadınlar təşkil edib.
2024-cü il yanvarın 1-nə olan göstəricilərə görə qadın dövlət qulluqçularının say nisbəti əvvəlki il ilə müqayisədə 0,3% artıb. Belə ki, 2024-cü ildə qadın dövlət qulluqçularının sayı ümumi dövlət qulluqçularının 29,7%-ni (8059 nəfər) təşkil edib və bu nəticə son 10 ildə qadınlar üçün faiz etibarilə ən yüksək pay bölgüsüdür.
Dövlət Statistika Komitəsinin 2024-cü il yanvarın 1-nə olan məlumatlarına görə, dövlət qulluqçuları arasında 30-34 yaş aralığında olanlar üstünlük təşkil edir. Bu yaş kateqoriyasına aid olanların sayı ümumi sayın 17,8%-nə və ya 4830 nəfərə bərabərdir.
Yaş qrupları üzrə bölgüdə ən az say 65 yaşdan yuxarı olan dövlət qulluqçularına aiddir. Onlar ölkədəki ümumi dövlət qulluqçularının 1,7%-ni təşkil edir. Daha dəqiq desək, ölkəmizdə 65 yaşı keçmiş 461 dövlət qulluqçusu var.
Ümumiyyətlə, dövlət qulluqçularının böyük hissəsini 39 yaşdan kiçik olanlar təşkil edir və bu, dövlət işlərində gənc kadrlara önəm verildiyini göstərir. Ölkəmizdə aparılan islahatlar nəticəsində bu göstəricinin daha da yüksələcəyi gözlənilir. Qeyd edək ki, 39 yaşdan kiçik olan dövlət qulluqçuları ümumi sayın 49,9%-ni təşkil edir.
2015-ci il istisna olmaqla, son 10 ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı məbləği xeyli artıb. 2015-ci ildə baş vermiş devalivasiya cəmi 5,7 AZN və ya 0,9% azalmaya səbəb olub.
2018-ci ildə orta aylıq əməkhaqqının məbləği 15,3%, 2019-cu ildə 28,3%, 2020-ci ildə isə 18,9% artıb.
Qeyd edək ki, 2017-ci ildə orta aylıq əməkhaqqı məbləği 690,7 AZN idisə, 2020-ci ildə bu məbləğ 1215,5 AZN-ə bərabər olub. 2021-ci ildə pandemiyaya baxmayaraq orta aylıq nominal əməkhaqqı 4,8% artıb və 1274,1 manat təşkil edib.
Son 10 ilin ən yüksək artımı 2022-ci ilə təsadüf edib. Belə ki, həmin ildə dövlət qulluqçularının orta aylıq əməkhaqqı məbləği 1785,1 manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 40,1% çox olub. 2023-cü ildə dövlət qulluqçularının orta aylıq əməkhaqqı məbləği əvvəlki ilə nisbətən 8,3% və ya 148,2 manat artıb.
Ümumilikdə son 10 il ərzində dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı məbləği 617,6 manatdan 1933,3 manata çatdırılıb ki, bu da 3,1 dəfə və ya 1315,7 manat artım deməkdir.