Tarix boyu müstəmləkə ölkələrinin səsi çox vaxt susdurulub və ya onların mövqelərinə, hüquqların məhəl qoyulmayıb. Bununla belə, indiki şəraitdə müstəmləkəçilik əsarəti altında əzilən xalqların öz səslərini dünyaya çatdırması, üzləşdikləri problemlərdən beynəlxalq ictimaiyyətin xəbərdar olması imkanları da mövcuddur. Konkret ölkələrin, o cümlədən də Azərbaycanın sözügedən məsələni xüsusu diqqət mərkəzində saxlaması dünyanın müstəmləkəçilik altında yaşayan xalqlar məsələsinə indi daha çox diqqət yetirməsi ilə nəticələnməkdədir. Bunu Bakıda keçirilən Fransa müstəmləkələrindəki Müstəqillik hərəkatlarının birinci qurultayında səslənən fikirlərdən bir daha görmək olar.
Müstəmləkə ölkələrinin, xalqlarının problemlərinin həllində Azərbaycan konkret tədbirlərin görülməsini təklif edir, bu istiqamətdə müvafiq addımlar atır. Məsələn, müstəmləkə ölkələrinin iqtisadi inkişafı onların səsini eşitdirməklə sıx bağlıdır. Daha bir mühüm məqam ondan ibarətdir ki, müstəmləkə ölkələrinin səsinin güclənməsində təhsil əsas rol oynayır. Ölkəmizin təşəbbüsü ilə bu istiqamətdə artıq konkret addımlar atılır. Belə ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan universitetlərində təhsil alacaq müstəmləkələşdirilən ərazilərindən olan tələbələrə təqaüd verəcək.
Mədəni mübadilələr də müstəmləkə şəraitində yaşayan ölkələrin və xalqların haqq səsinin eşidilməsində, öz azadlıqlarına qovuşmasında zəruri əhəmiyyət kəsb edir. Bu istiqamətdə atılan addımlar xalqlar arasında körpülər qurmağa və qarşılıqlı anlaşmanı gücləndirməyə kömək etməklə yanaşı, qarşıya çıxan problemlərin həllinə də önəmli töhfələr verir. Elə bu kontekstdə Azərbaycanın gündəmə gətirdiyi nüanslardan biri də xalqlar arasında mədəni mübadilə proqramlarının reallaşdırılması, bu istiqamətdə fəaliyyətin genişləndirilməsidir. Azərbaycan ev sahibliyi edəcəyi COP29 kimi mötəbər beynəlxalq tədbirin platformasından həm də neokolonializm problemini dünyanın diqqət mərkəzinə gətirmək üçün faydalanmaq niyyətindədir. Bundan irəli gələrək, artıq Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən dövlətlər COP29 sammitinə dəvət olunub.
Ümumiyyətlə, bu və digər məsələlər Fransa müstəmləkələrindəki Müstəqillik hərəkatlarının birinci qurultayı kontekstində dünya gündəminə gətirilir. Prosesin davamlı xarakteri üçün də müvafiq addımlar atılır. Bundan sonra da müstəmləkəçiliyə qarşı mübarizənin səmərəli və nəticəyönlü şəkildə aparılmasına Azərbaycan öz dəstəyini ifadə etməyə hazırdır. Əsas məqsəd koloniyaların öz müqəddəratını təyin etmək hüququnun təmin olunması, bu istiqamətdə səylərin birləşdirilməsidir. Yalnız birgə səylər və qarşılıqlı anlaşma sayəsində tarixin müstəmləkəçilik kimi “qara səhifəsini” birdəfəlik çevirmək, bütün ölkələrin səsinin eşidilməsini təmin etmək mümkündür.
MTM Analitik Qrup