PREZİDENT İLHAM ƏLİYEV BİR SIRA SƏNƏDLƏRDƏ DƏYİŞİKLİK EDİB

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, ərizə verən şəxslərə vətəndaşlıq vəziyyəti aktının qeydə alınması haqqında müvafiq şəhadətnamə verilir.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında şəhadətnamələrdə göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında müvafiq şəhadətnamədə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin şəhadətnamənin təqdim edilməsinə bərabər tutulur.

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna edilən dəyişikliyə əsasən, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Şəxsiyyət vəsiqəsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna elektron xidmət – dövlət orqanları (qurumları) tərəfindən səlahiyyətlərinin icrası zamanı digər dövlət orqanlarına (qurumlarına), bələdiyyələrə, fiziki və hüquqi şəxslərə göstərilən və müvafiq hüquqi nəticənin yaranması, yaxud xidmət istifadəçisinə zəruri informasiyanın verilməsi ilə tamamlanan dövlət xidmətlərinin informasiya texnologiyalarından istifadə edilməklə tərəflər arasında bilavasitə təmas olmadan (xidmətin məqsədləri üçün belə təmasın tələb edildiyi hallar istisna olmaqla) elektron qaydada həyata keçirilməsi forması əlavə edilib.

Dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət informasiya ehtiyatının və sisteminin təşkilinin texniki və səmərəlilik baxımından məqsədəuyğunluğu barədə rəyi (bundan sonra – məqsədəuyğunluq barədə rəy) nəzərə alınmaqla, həmin orqanın (qurumun) müəyyən etdiyi texniki tələblər, eləcə də beynəlxalq standartlar və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktları əsasında həyata keçirilir. Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə məqsədəuyğunluq barədə rəy verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Dövlət informasiya ehtiyatının və sisteminin istifadəyə verilməsi həmin informasiya ehtiyatı və sistemi dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə daxil edildikdən və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edildikdən sonra həyata keçirilir.

Dövlət informasiya ehtiyatlarının və sistemlərinin, habelə elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi məqsədilə vahid reyestr aparılır. Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Elektron xidmətlər göstərən dövlət informasiya ehtiyatları və sistemləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təhlükəsizlik meyarları üzrə monitorinq olunmalı, mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edilməli və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrə auditi aparılmalıdır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alınmadan dövlət informasiya ehtiyatları və sistemləri vasitəsilə elektron xidmətlərin göstərilməsinə yol verilmir.

Dövlət orqanları (qurumları) elektron xidmətlərin təşkilini və göstərilməsini “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və dövlət xidmətlərinin həyata keçirilməsi sahəsində münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi texniki tələblərə uyğun olaraq təmin edirlər.

Elektron xidmətlərin təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 14-cü maddəsinin dördüncü hissəsində qeyd olunan qaydaya uyğun olaraq verdiyi məqsədəuyğunluq barədə rəyi nəzərə alınmaqla həyata keçirilir. Elektron xidmətlər məqsədəuyğunluq barədə müsbət rəy alındıqdan və ya rəydə qeyd edilən təkliflər əsasında təkmilləşdirmələr aparıldıqdan, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) dövlət informasiya ehtiyatı və sisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alındıqdan, dövlət informasiya ehtiyatı və sistemi mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edildikdən, elektron xidmət dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə daxil edildikdən və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunduqdan sonra həmin sistem vasitəsilə göstərilir.

Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə tələblərə uyğunluğun təmin edilməsi

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) elektron xidmətlərin təşkili və göstərilməsinə, texnoloji avadanlığa və proqram təminatına, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyətinə, o cümlədən formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsinə, texnoloji avadanlığa və proqram təminatına dair tələblərin tətbiqi ilə bağlı məsələlər üzrə dövlət orqanlarına (qurumlarına) yazılı və şifahi şəkildə izahlar verir, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki kömək göstərir.

Bu Qanunda qeyd olunan tələblərə riayət edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət orqanlarına (qurumlarına) göndərdiyi sorğular 5 (beş) iş günündən gec olmayaraq cavablandırılmalıdır.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada həyata keçirir. Dövlət orqanları (qurumları) qiymətləndirilmənin aparılmasına zəruri şərait yaratmalı, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə dövlət informasiya sisteminə və ehtiyatına çıxış, habelə onların texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və test etmə imkanlarını təmin etməlidir.

Dövlət orqanları (qurumları) bu Qanunda qeyd olunan tələblərin pozulması hallarının aradan qaldırılmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göstərişlərini yerinə yetirməlidir.

“Fərdi məlumatlar haqqında” qanunda edilən dəyişikliyə əsasən, Bu Qanunda qeyd edilən hallar, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş qaydada fərdi məlumatların məcburi şəkildə toplanılması və işlənilməsi istisna olmaqla, fərdi məlumatların toplanılmasına və işlənilməsinə subyektlərin razılığının alınması və geri çağırılması mərkəzləşdirilmiş qaydada Elektron Hökumət İnformasiya Sistemi üzərindən təmin edilir.