AZƏRBAYCAN “YAŞIL KEÇİD” PROSESİNDƏ YENİ UĞUR NÜMUNƏSİ YARADIR

Dünya boyu iqlim dəyişikliyinin təsiri özünü getdikcə daha qabarıq şəkildə büruzə verməkdə, intensivliyi artan ekstremal hava şəraiti, bir çox təbiət hadisələri fonunda bu hal daha aydın şəkildə müşahidə olunmaqdadır. Mövcud vəziyyətdə preventiv tədbirlərin görülməsi, xüsusən də “yaşıl iqtisadiyyat” ın yaradılması artıq bütün dünya ölkələri üçün ümdə önəm kəsb edir. Lakin ölkələrin imkanları fərqli olduğundan “yaşıl iqtisadiyyat” ın qurulması heç də asan məsələ deyil və bu məsələdə artıq beynəlxalq həmrəyliyə ciddi ehtiyac var. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi edəcək Azərbaycanın əsas məqsədlərindən biri məhz belə həmrəyliyə nail olmaqdır.
Eyni zamanda Azərbaycan karbohidrogen resursları ilə zəngin olmasına baxmayaraq, bu gün “yaşıl keçid” siyasətini ən uğurla həyata keçirən ölkələrdən biridir. Ölkəmizdə aşağı karbonlu iqtisadiyyata keçid məqsədilə artıq genişmiqyaslı fəaliyyət həyata keçirilir. Bunun nəticəsində iqlim dəyişmələrinin mənfi nəticələrinin aradan qaldırılmasına Azərbaycanın töhfələri artır.
Hazırda “yaşıl keçid” kontekstində ölkəmizdə elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payı sürətlə çoxalır. “Yaşıl keçid”in digər mühüm aspekti enerji səmərəliliyi və onun davamlı şəkildə təkmilləşdirilməsidir. Bu hal enerji israfını və emissiyaları azaltmağı nəzərdə tutur.
Sirr deyil ki, nəqliyyat sektoru istixana qazları emissiyalarına əhəmiyyətli töhfə verir. Bu kontekstdə ətraf mühitə zərəri olmayan və ya çox az olan nəqliyyatdan istifadənin təşviqi “yaşıl keçid”in mühüm elementi hesab olunur. Hazırda Azərbaycanda da elektriklə çalışan avtomobillərdən daha çox istifadə olunması prioritet məsələlərdən biridir və hökumət tərəfindən bu istiqmətdə çoxsaylı təşviqedici addımlar atılır. Eyni zamanda ictimai nəqliyyat sistemləri də transformasiya olunur.
Azərbaycan qəbul edir ki, “yaşıl keçid” dinamik beynəlxalq əməkdaşlıq tələb edir. Məhz bu halda davamlı və ekoloji cəhətdən uğurlu təcrübələrin mənimsənilməsi mümkündür. Hazırda Azərbaycan belə əməkdaşlıq qurulması ilə bağlı çoxsaylı nailiyyətlər əldə edib.
O da xüsusi qeyd edilməlidir ki, Azərbaycan iqlim dəyişmələrinə qarşı mübarizənin səmərəliliyi məqsədilə müxtəlif tərəflər arasında körpülərin qurulması prosesini də çox uğurla həyata keçirir. Prezident İlham Əliyev ATƏT-in baş katibi Helqa Mariya Şmidi qəbul edərkən məsələnin bu tərəfinə nəzər salaraq, Azərbaycanın Qoşulmama Hərəkatının əvvəlki sədri və hazırda bu təsisatın “Troyka”sında olan, həmçinin Avropa İttifaqı ilə yaxın əlaqələrə malik ölkə kimi müxtəlif tərəflər arasında körpülərin qurulması və ümumi həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini bildirib. Bir daha xatırlanmalıdır ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizəyə daha bir uğurlu töhfəsi “yaşıl enerji”nin mühüm təchizatçılarından biri olmağa hazırlaşmasıdır. Bütün bunlar Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizəyə mühüm töhfələr verənlər sırasında yer aldığını nümayiş etdirir və ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəldir.

MTM Analitik Qrup