BU İL AŞURADA QANVERMƏ MƏNTƏQƏLƏRİNİN SAYI İKİ DƏFƏDƏN ÇOX ARTIRILIB

Məhərrəm ayında ehtiyacı olanlara kütləvi olaraq könüllü qanvermə ənənəsi davam etdirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Azərbaycanda ötən il Aşura ilə əlaqədar 16 ünvanda keçirilən qanvermə aksiyasının əhatə dairəsi bu il genişləndirilərək 35-ə çatdırılıb.

Bu nəcib təşəbbüsün davamı olaraq iyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçiriləcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Gənclər Fondu, Milli QHT Forumu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə Aşura günündə keçiriləcək aksiyaya könüllü şəxslər, deputatlar, ziyalılar və ictimaiyyət nümayəndələri qatılacaqlar.

Qeyd edək ki, bu il aksiyalar Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi ünvanlarda (ali təhsil müəssisələri, xəstəxana, məscid və ziyarətgahlar) təşkil ediləcək. Sevindirici haldır ki, İslam dünyası üçün nümunə olan aksiyaya ildən-ilə maraq artır, Aşurada qan donorluğu təşəbbüsü cəmiyyətdə geniş dəstək qazanır. Qan vermək sağlamlığımıza faydalı olmaqla yanaşı, hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olan insanların həyatını xilas edir.