“COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsində QHT-lər yalnız koalisiya şəklində iştirak edə bilərlər. Koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğun gəlməlidir. Həmçinin koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır. Bir QHT yalnız bir koalisiyada təmsil oluna bilər.
Bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi ilə əlaqədar keçirilən brifinqdə deyib.
Müsabiqədə üstünlük verilən meyarlar barədə danışan A.Əliyeva bildirib: “Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransında (COP) müşahidəçi statusa (observer status) malik olması və əvvəlki COP-lar, eləcə də iqlim dəyişmələri məsələləri ilə bağlı beynəlxalq təcrübəsinin olmasına üstünlük veriləcək. Bundan başqa, xarici tərəfdaş qismində iştirak edən UNFCCC müşahidəçi statusa malik təşkilatın inkişaf etməkdə olan ölkələrdən, xüsusilə ən az inkişaf etmiş ölkələrdən, inkişaf etməkdə olan kiçik ada ölkələrindən olması və təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması üstünlük veriləcək meyarlar sırasındadır”.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru bildirib ki. müsabiqə üzrə sənədlərin qəbuluna iyulun 16-dan başlanacaq: “Avqustun 16-sı müraciət üçün son tarixdir. Bundan sonra QHT-lərdən toplanmış sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.
Təqdim olunan layihələr qlobal iqlim dəyişmələri mövzusuna uyğun olmalıdır”.