BAŞ NAZİR ƏLİ ƏSƏDOV DÜNYA BANKININ CƏNUBİ QAFQAZ ÜZRƏ REGİONAL DİREKTORU İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 15-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlıq çərçivəsində həyata keçirilən və müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurlu nəticələri təqdir olunub.

Hazırda icra olunan layihələrin gedişi, həmçinin Dünya Bankının fəaliyyət istiqamətlərinə və Azərbaycanın inkişaf prioritetlərinə uyğun olaraq bankın 2025-2029-cu illəri əhatə edəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Azərbaycan ilə Dünya Bankı arasında bir sıra sahələrdə, o cümlədən COP29 çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.