Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın İnha Universiteti tərəfindən birgə həyata keçirilən ikili diplom proqramı çərçivəsində Azərbaycandan olan ilk məzunlara diplomların təqdim olunması mərasimi keçirilib.
Bu barədə iyulun 15-də Koreyanın ingilis dilində nəşr olunan nüfuzlu “The Korea JoongAng Daily” qəzeti yazıb.
Məqalədə qeyd olunur ki, İnha Universiteti və Bakı Mühəndislik Universitetinin ikili diplomlarını 61 tələbə alıb. Nəşrin yazdığına görə, azərbaycanlı tələbələrin dörd il ərzində ingilis dilində bakalavr proqramı üzrə təhsilə qəbulu 2020-ci ilin payızında həyata keçirilib.
İnha Universiteti Bakı Mühəndislik Universiteti ilə ikili diplom proqramını uğurla başa vurmuş və Koreya Universitetində magistratura təhsilini davam etdirmək istəyən fərqlənmiş tələbələrə təqaüdlərin verilməsini nəzərdə tutan Niyyət Memorandumu imzalayıblar.
1952-ci ildə qurulan İnha Universiteti İnçxon şəhərində yerləşir. O, ölkənin ilk on ali təhsil müəssisəsindən biridir və mühəndislik və fizika elmləri sahəsində araşdırmaları ilə tanınır. İnha Universitetinin fəaliyyətinin əsas istiqamətləri ən yeni informasiya, bio və nanotexnologiyalar, həmçinin logistika, kompüter texnologiyaları və robototexnika sahələridir.