AZƏRBAYCAN YOXSUL ÖLKƏLƏRDƏ İQLİM DƏYİŞMƏLƏRİNİN FƏSADLARININ ARADAN QALDIRILMASINA YENİ TÖHFƏLƏR VERİR

İqlim dəyişikliyinin artan fəsadları qlobal miqyasda ətraf mühit, dünya ölkələrinin iqtisadiyyatı və  bütün cəmiyyətlər üçün kritik təhlükə yaratmaqda davam edir. Elə bu səbəbdən iqlim dəyişikliyi ilə mübarizə bütün ölkələrin birgə əməkdaşlığını şərtləndirir.

Bəllidir ki, iqlim dəyişikliyinin əsas amilləri olan istixana qazları emissiyaları milli sərhədlərlə məhdudlaşmır. Ancaq iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq daha az resursu olan ölkələr üçün problematik xarakter daşıyır. İnkişaf etməkdə olan bir sıra ölkələr, xüsusən kiçik ada  dövlətləri tez-tez ekstremal hava hadisələri, dəniz səviyyəsinin qalxması və ərzaq təhlükəsizliyi kimi iqlimlə bağlı fəlakətlərin ağır yükünü daşıyırlar. Halbuki, bu ölkələr adətən, qlobal emissiyalara ən az töhfə verirlər, lakin ən ağır nəticələrə məruz qalırlar. COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan bu məsələni də xüsusi diqqət mərkəzində saxlayır. Elə bu fonda COP29 tədbiri çərçivəsində Azərbaycan yoxsul hesab edilən ölkələrdə “yaşıl sərmayə”lər üçün yeni fond yaratmağı planlaşdırır. Bu, ilk növbədə iqlim dəyişikliyinə qarşı mübarizə üçün daha çox maliyyələşməni təmin edəcək. Eyni zamanda bu hal yoxsul ölkələrin iqlim dəyişmələrinə qarşı daha səmərəli şəkildə mübarizə aparmasını şərtləndirəcək.

Sözügedən fondun yaradılması məqsədilə Azərbaycan intensiv fəaliyyət həyata keçirir. “Reuters” agentliyi bu xüsusda yaydığı məlumatda bildirir ki, Azərbaycan həmin fonda vəsait toplanması məqsədilə digər potensial ianəçilərlə danışıqlar aparıb, onlarn da mövqeyini nəzərə alıb. Fond fəaliyyətə başladıqdan sonra Azərbaycan onun əsas donorlarından biri olacaq.

Proseslərin gedişi göstərir ki, COP29 dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına müsbət təsir göstərəcək. Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol bu fonda diqqəti ona yönəldir ki, COP29 sammiti son 10 ildə dəyişməz qalan investisiyaların təmiz enerjiyə ayrılan payını artırmağa kömək etməlidir. Bundan isə bütün dövlətlər, xüsusən də yoxsul ölkələr faydalanacaq. Ümumiyyətlə, COP29 iqlim danışıqlarında maliyyə məsələsi üstünlük təşkil edəcək. Burada iştirakçılar gələn ildən zəngin dövlətlərin hər il daha yoxsul ölkələrə köçürəcəkləri iqlim maliyyəsi üçün yeni qlobal hədəfi razılaşdırmağa çalışacaqlar. Bu prosesdə ən aktiv rol alan ölkələrdən biri isə məhz Azərbaycan olacaq.

Mütəxəssislər indi bir məsələdə yekdildirlər ki, daha böyük maliyyə və texnoloji imkanlara malik olan dövlətlər inkişaf etməkdə olan ölkələri iqlim dəyişikliyinin fəsadları ilə mübarizə üçün  maliyyə, texnologiya transferi və müvafiq potensialın yaradılması təşəbbüsləri vasitəsilə dəstəkləməlidir. Bu, təkcə qlobal emissiyaların azaldılmasına kömək etmir, həm də sosial və iqtisadi ədaləti təşviq edir.

İqlim dəyişikliyi vahid və birgə cavab tələb edən qlobal problem olduğundan onun çözümü üçün bütün ölkələrin iştirakı zəruridir. COP29-a ev sahibliyi edən Azərbaycanın əsas məqsədlərindən biri budur. Bu kontekstdə COP29-un əvvəlki iqlim sammitlərindən fərqlənəcəyi, çoxsaylı yeniliklərə tarixə həkk olunacağı gözlənilir. Bu, iqlim dəyişmələri ilə mübarizənin səmərəliliyi üçün də böyük önəm kəsb edəcək.

MTM Analitik Qrup